İqtisadiyyat
Yerli ixracatçı sahibkarlar üçün gömrük əməliyyatlarına dair tədbir və təlim keçiriləcək
A
Yerli ixracatçı sahibkarlar üçün gömrük əməliyyatlarına dair tədbir və təlim keçiriləcək
11:39 19.12.2018
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin dəstəyi və "My Broker" gömrük təmsilçiliyinin təşkilatçılığı ilə ixrac gömrük əməliyyatları və "2019 - İxraca dəstək" layihəsi üzrə maarifləndirici tədbir və 2019-cu ilin yanvar ayı üçün təlim təşkil olunacaqdır.

AZƏRFAKS Milli.Az-a istinadən xəbər verir ki, dekabrın 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzində baş tutacaq tədbirdə əsas məqsəd yerli istehsal ilə məşğul olan sahibkarlar ilə görüş keçirmək, görüşdə ilkin olaraq gömrük ixrac əməliyyatlarının sənədləşdirilməsi zamanı yaranan çətinliklərin müəyyən olunması, yerli istehsalın xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması, sadələşdirilməsi istiqamətində "2019 ixraca dəstək" layihəsinin ixracatçıların diqqətinə çatdırmaqdır.

2019-cu ilin yanvar ayı üçün nəzərdə tutulmuş təlim isə "ASAN" Təlim-Tədris mərkəzində baş tutacaqdır. Təlimdə ixrac zamanı tələb olunan zəruri sənədlərin hazırlanması, beynəlxalq daşınmada işlərin hansı addımlarla həyata keçirilməsi və digər ixrac prosedurları üzrə məsələləri əhatə edəcək.

Təlimdə iştirak etmək istəyən ixracatçılar dekabrın 25-də keçiriləcək tədbirin sonunda qeydiyyatdan keçə bilərlər. 

Baxılıb: 467