Diqqət mərkəzi
“Bilik Fondunun dəstəyi ilə qarşıda görəcəyimiz işlər çoxdur” - Xalq artisti
A
“Bilik Fondunun dəstəyi ilə qarşıda görəcəyimiz işlər çoxdur” - Xalq artisti
13:28 15.11.2018
Məmmədsəfa Qasımov: “Mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza xidmət edən hər kəs var olsun ki, Azərbaycan yaşasın”

Prezidentin sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Yuğ” Teatrının aktyoru Məmmədsəfa Qasımovla həmsöhbət olduq. Bu dəfə onun yaradıcılığı, pedaqoji fəaliyyətindən çox Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlığından danışdıq. Məmmədsəfa Qasımov Fondun Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdindəki Pedaqoji Kollecdə yaratdığı “Mizan” Tələbə Dram Dərnəyinin bədii rəhbəridir.

 -  Əvvəlcə Bilik Fondu ilə əməkdaşlığınızın tarixindən danışaq.

 -  Bilik Fondu Azərbaycanımızın iqtisadi, social və mədəni həyatını, xalqımızın dilini, mənəviyyatını, ümumilikdə azərbaycançılığı təbliğ edən, maarifçiliyin inkişafına xidmət göstərən bir təşkilatdır. Maarifçilik istiqamətində böyük işlər görür ki, bunlardan biri də “Mizan” Tələbə Dram Dərnəyinin yaradılmasıdır. Fondun dəstəyi ilə ali məktəblərdə, kolleclərdə dram dərnəkləri yaratmaqla həm gənclərin asudə vaxtlarının səmərəli keçirmələrinə şərait yaratmaq, həm də onları mədəniyyətə, incəsənətə, mənəvi yüksəlişə cəlb etmək istədiklərini mənə bildirəndə canla-başla bu işə qoşulmaq istəyimi bildirdim. İlk dram dərnəyini Pedaqoji Universitetdə yaratdıq və bu sahədə xeyli işlər görüldü. Universitetdə dramla maraqlanan, yaradıcılğa həvəsi olan tələbələrə məşğələlər keçdik, özfəaliyyət kollektivində ustad dərsləri apardıq. İndi fəaliyyətimi elə Pedaqoji Universitetin nəzdində Pedaqoji Kollecdə davam etdirirəm. Burada gənclərin marağını nəzərə alıb işimizi bir qədər də genişləndirdik. Azərbaycanda, Bakıda ən gözəl təhsil ocaqlarından biri Pedaqoji Kollecdir. Orada təhsil alan gənclər aktyor, rejissor olmayacaqlar, onların ixtisası başqadır, amma mən onların ədəbiyyatımıza, mədəniyyətimizə, kinomuza, aktyor sənətinə olan marağını duyuram, hiss edirəm. Necə həvəslə çalışırlar, hətta tamaşada oynamadığına heyfslənən, ağlayıb gedən uşaqlar da var.

 -  Fondun digər ixtiasaslar üzrə təhsil alan tələbələr üçün belə bir şərait  yaratmasını necə dəyərləndirirsiniz? Sizcə, bu fəaliyyətin yeniyetmə və gənclərimizin maarifləndirilməsində əhəmiyyəti nədən ibarətdir?

 -  Çox yüksək dəyələndirirəm, arzu edərdim ki, Fondun elə imkanları olsun ki, bu dərnək tək Pedaqoji Kollecdə yox, bizim orta məktəblərimizin, ali təhsil ocaqlarımızın hamısında yaradılsın. Belə hesab edirəm ki, biri var mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı mütaliə ilə öyrənmək, biri də var ki, peşəkarcasına səhnədə realizə edibən dərk etmək. Tələbə gənclər üçün bu, çox önəmli addımdır. Bilik Fondu yalnız dərnək yaratmaqla işini bitmiş hesab etmir. Dərnək üzvlərinin sayı getdikcə artır, çünki həm müxtəlif əsərləri götürüb onu mütailə edir və səhnə həllini veririk. Həm də Bilik Fondunun “Kinoklub”unun fəaliyyətindən yararlanırıq. Tez-tez müxtəlif bədii və sənədli filmlərə baxıb onların müzakirəsini keçiririk. “İmzalı görüşlər”də iştirak etməklə yazıçı və şairlərimizlə söhbətlər, müzakirələr keçiririk. Həm də bunu hansısa bir ədəbiyyatı mütailədən sonra edirik. Görün, necə əhəmiyyəti var bu əməkdaşlığın. Deməli, tələbələrlə birgə oxuyuruq, baxırıq, görüşürük və hamısının da birgə müzakirəsini keçiririk. Eyni vaxtda mütailə, teatra, tamaşaya baxmaq, film seyr etmək və üstəlik səhnədə o personajları canlandırmaq kimi vərdişlərimiz formalaşır. Bunların hamısını təbii ki, tələbələrlə birgə etdiyimiz üçün özümü də onlardan biri kimi görüb qatıram sıralarına. Oxuyub müzakirəsini keçirdiyimiz, səhnə həlli verdiyimiz əsərlər ömürlük onların yaddaşlarına həkk olunacaq. Bu bilgi sabah həyatda onlara mütləq lazım olacaq.

Bilik Fondunda fəaliyyət göstərən “Kinoklub”un üzvləri həm “Mizan” Tələbə Dram dərnəyindən olan gənclərdir, həm də Mədəniyyət və İncəsənət Universitetində mənim dərs dediyim tələbələrdir. Tələbə-aktyorlar mütləq ən azı həftədə iki, üç filmə baxmalı, müzakirələr aparmalı, özlərini orada görüb təhlil etməli, kənardan müşahidə qabiliyyətinə yiyələnməli, bu vərdişləri özlərinə aşılamalıdırlar. Bu vərdişlər aktyor sənəti üçün çox vacibdir. Təhsil aldıqları universitet həmin tələbələri belə tədbirlərə cəlb etsə, böyük irəliləyiş olar. Mədəniyyət və İncəsənət Universitetində bu işə  xüsusi diqqət yetirilir. Fondun bu istiqamətdə fəaliyyəti də genişdir. Bir məsələni də qeyd edim ki, mütəmadi olaraq bizə Fond tərəfindən kitablar verilir, kitablar tələbələr arasında paylanır. Bunun özü çox böyük bir diqqətdir, ən azından tələbə gedib o kitabi öz büdcəsindən almır. Çünki tələbədi, onun üçün bir manat da, beş manat da böyük puldur.

“Mizan” Tələbə Dram Dərnəyinin üzvü olan gənclərin özfəaliyyətə, mədəniyyətə belə diqqətli yanaşıb, öhdələrinə düşən işi məsuliyyətlə yerinə yetirmələrində Bilik Fondunun xidməti var. Fondun doğmalıq göstərməsi gənclərdə də eyni münasibəti formalaşdırdı. Bizim ilk işimiz Pedaqoji Kollecdə Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” tamaşasını hazırlamaq oldu. Qısa vaxtda tamaşa hazırlandı və müxtəlif məkanlarda oynadıq həmin tamaşanı.  İkinci işimiz Mir Cəlal Paşayevin hekayələri, ümumiyyətlə bütün külliyyatı əsasında, “Xatirələrim” tamaşa-kompozisiyası idi.  

Onun premyerasını Pedaqoji Kollecin özündə keçirdik. İkinci premyera Bilik Fondunun təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaladan azad edilmiş Cocuq Mərcanlı kəndində keçirildi. Bu tədbirin özü həm Cocuq Mərcanlı sakinləri, həm də tamaşada oynayan tələbə-aktyorlar üçün böyük stimul, sabaha, gələcəyə gedən yolda işıq oldu.

 Bu gün də biz fəaliyyətimizi davam etdiririk, yeni bir tamaşaya hazırlaşırıq. Qarşıdan böyük ədib Cəfər Cabbarlının 110 illik yubileyi gəlir. Belə qərara gəldik ki, məhz onun yaradıcılığına müraciət edək. Ona görə də biz Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesinə müraciət etmişik, eyni tərkibli kollektivlə məşqlərimiz davam edir. Bu tamaşada Kollecin 3-cü kurs tələbələri oynayacaqlar. Tamaşa yeni səpkidə oynanılacaq, inşallah gəlib baxsanız, görərsiniz ki, Cabbarlının “Solğun çiçəklər”inə bu prizmadan da baxmaq olarmış.

 -  Tələbələrlə işləmək, özü də aktyorluq ixtisası üzrə təhsil almayanlarla, çətin deyilmi?

 -  Elə məqamlar olur ki, aktyor-tələbələrlə işləmək daha gözəl nəticələr verir. Çünki aktyor-tələbələrin əksəriyyəti həvəslidir, oynamağa, nə isə göstərməyə can atırlar, bəzi məqamlarda isə çətin olur, biz də onun üçün yanlarındayıq ki, həmin çətin məqamları asanlaşdıraq. Aktyorluqda təhsil almayan tələbələrin bu peşədən xəbərləri yoxdur, hazırlıqsızdırlar, ani olaraq gördüyünə təbii reaksiya verirlər, təbii də alınır. Ona görə də nəticə daha maraqlı olur. Aktyorluq o uşaqların sənəti, peşəsi deyil, amma hesab edirəm ki, onların bu işlə məşğul olması gələcək fəaliyyətlərinə təkan verəcək. Gələcəkdə bu gənclər körpə uşaqlarla işləyəcəklər, kollecdə məktəbəqədər fakültə var, ev şəraitində gedib dərs keçəcək tələbələr var, bax ona görə də uşaqla işləmək, uşaq psixologiyasını duymaq, onlara qayğı ilə yanaşmaq çətin və məsuliyyətli işdir. Böyüklə işləmək asandır, bir dəfə deyirsən anlayır, ancaq gənclərlə işləyərkən bilməlisən ki, onlara hansı yöndən yanaşasan. Onlara gələcəyimiz olan uşaqlar etibar olunacaq.

 -  Quruluşçu rejissoru olduğunuz tamaşanı zaldan izləyərkən tamaşaçı kimi zövq alırsınız, yoxsa həyəcanlanırsınız?

 -  Mən sizə deyim ki, “quruluşçu rejissor” ifadəsini qəbul etmirəm. Mən heç vaxt rejissor ola bilmərəm, rejissor ayrıca bir peşədir. Başqa bir düşüncə, özgə qabiliyyət tələb edir. Rejissor rejissorluqdan başqa, təşkilati işləri də gözəl bilməlidir, yəni onun boynuna çətin bir iş düşür. Onların üzərinə ağır yük düşür, o yükü üzərimə götürə bilmərəm. Mən aktyoram və bu istiqamətdə işlərimin altından qol çəkə bilərəm. Bilmirəm cavabım qane etdi, yoxsa yox?

 -  Tam yox…

 -  Amma əlbəttə tələbələrimlə işləyərkən, iş hazır olduqdan sonra zövq alıram, elə yerlər olur ki, razılaşmıram. Bilirsiniz, peşəkar insanın nəyəsə sakit, təhlilsiz baxması qeyri-mümkündür. Tamaşaçı kimi bir filmə baxanda da aktyor kimi özlüyümdə təhlil edirəm. Dilə gətirməsəm belə, daxilən özümün gəldiyim nəticə, düzəlişlər olur. Tamaşaya baxarkən də eləcə… Hətta küçədə gedərkən müşahidə etdiklərinin təhlilini aparırsan. Bu peşəkarlıq, adət hələ tələbələrdə formalaşmayıb, ona görə də təbii ki, hazırladığımız işə baxanda hələ analiz, təhlil, yanlışları düzəltmək prosesi gedir, zövq almaq – qarşıdadır...

 -  Bu əməkdaşlıqda hansı perspektivlər var? Dərnəyin fəaliyyətini daha geniş miqyasda həyata keçirməyi düşünürsünüzmü?

 -  Mən hesab edirəm ki, bu dərnəklər tək Kollecdə, bu və ya digər ali təhsil ocaqlarında deyil, gənclərin təhsil aldıqları, işlədikləri bir çox sahələrdə yaradılmalıdır. Bunu mütləq genişləndirmək lazımdır. Hətta çox istərdim ki, bu işlər bölgələrə, oradakı məktəblərə qədər gedib çıxsın. Çünki bilirəm ki, rayon və kəndlərimizdə buna böyük ehtiyac var. Ümumiyyətlə, ədəbiyyat, mədəniyyət çox təsirli və canlı təbliğat vasitəsidir. Yalnız mədəniyyət vasitəsilə insanları mədəniyyətə, mənəvi saflığa dəvət etmək mümkündür. Mütləq bu layihəni əhatəli şəkildə ardıcıl genişləndirmək lazımdır. Xüsusi ilə bu gün lazımdır, ona görə ki, bu gün biz müharibə şəraitində yaşayırıq. Vətənimizə, xalqımıza məhəbbət hissini, sədaqəti ədəbiyyatımız və teatrımızla aşılaya bilərik və bunu da ki, Bilik Fondu öz üzərinə götürərək, yüksək səviyyədə yerinə yetirməkdədir. Yeri gəlmişkən, Bilik Fondunun rəhbərliyinə və əməkdaşlarına bu layihəni ərsəyə gətirdiklərinə görə təşəkkür edirəm. Kollecin rəhbərliyinə də yaradılan şəraitə görə minnətdaram. Bilik Fondundan layihənin koordinatoru Ramilə Qurbanlı, Kollecdən Nigar xanım çəkdikləri zəhmət və göstərdikləri qayğı ilə hər zaman bizimlə olsunlar. Bilik Fondunun dəstəyi ilə qarşıda görəcəyimiz işlər çoxdur. Perspektiv planları hələlik sirr saxlayırıq. Mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza xidmət edən hər kəs var olsun ki, Azərbaycan yaşasın!

Könül Qarayeva
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun “Gənc jurnalistlər” Klubunun üzvü

Yazı "525-ci qəzet"in 15 noyabr tarixli sayında dərc olunub
Baxılıb: 76
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: