İqtisadiyyat
Sumqayıt Texnologiyalar Parkı Azərbaycan ixracatında daha bir ilkə imza atdı
A
Sumqayıt Texnologiyalar Parkı Azərbaycan ixracatında daha bir ilkə imza atdı
18:56 08.10.2018
“Made in Azerbaijan” markasının uğurlu təmsilçisi “Sumqayıt Texnologiyalar Parkı” (STP) Azərbaycan ixracat tarixində ilk dəfə olaraq Qırğızıstan  Respublikasına  110 kilovatlıq elektrik kabeli  ixrac edir. 

STP-dən AZƏRFAKS-a verilən məlumata görə4 oktyabr 2018-ci il tarixində Qırğızıstanın «ElektroSila» şirkətinin sifarişi əsasında 4 yük maşınından ibarət 2384 metr elektrik kabelini Qırğızıstana yola salınıb. Ümumilikdə 7140 metr kabel satışını nəzərdə tutan sifariş daha  iki mərhələdə müştəriyə çatdırılacaq. 
Kabellər Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi rayonlarını elektriklə təmin edən yeni Istilik Elektrik Stansiyasının tikintisini və elektrik xətlərinin çəkilməsini nəzərdə tutan layihədə istifadə olunacaq.  
Qeyd edək ki,  Rusiya kimi  ölkələrdən güclü  rəqiblərin olmasına baxmayaraq sifarişçi şirkət  Qazağıstan paytaxtı üçün önəmli enerji layihəsinin kabel təchizatını məhz Sumqayıt Texnologiyalar Parkına həvalə etmək qərarı verib.  

Bütün bunlar  artıq beynəlxalq bazarda STP-nin məhsullarına  göstərilən inam və etibarın  bariz nümunəsidir.  

Zavodlar kompleksindən ibarət olan STP-nin kabel Zavodunda 28 min çeşiddə, 500 kV-a qədər, gərginlik səviyyəsi orta, yüksək və ifrat yüksək güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar həm yerli, həm də xarici bazarlarda böyük marağa səbəb olur.

Xarici bazarda məhsulları tanınmağa başlayan Park ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələr icra edilməkdədir. Müəssisə  gələcəkdə Orta Asiya bazarında olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı(STP)regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir.  Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı cənab Ilham Əliyev tərəfindən istismara verilmişdir.

STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammallar da Avropanın qabaqcıl ölkələrindən idxal olunur.


Baxılıb: 189