Sosial
"Evə gedəndə qızım soruşur ki, balıq tutdun?" - Redaktorun işdənkənar həyatı
A
18:16 08.08.2018
“Bu gün Azərbaycanda harada su varsa, orda balığın kökünü kəsənlər var”

"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədli Aznews.az saytına müsahibə verib. Saytın cəmiyyətdə az-çox tanınan ictimai-siyasi fəal adamların işdənkənar həyatı, hobbiləri ilə bağlı "Bir hovur" adlı projesi çərçivəsində ilk müsahib kimi Elşad Məmmədli danışıb. Sayt qeyd edir ki, bu seçim təsadüfi deyil, çünki E.Məmmədli sosial şəbəkələrdə maraqlı hobbisi olan insanlardan biri kimi tanınır.

Həmin müsahibəni təqdim edirik: 

- Elşad bəy, sosial şəbəkələrdəki paylaşımlarınızdan belə aydın olur ki, tez-tez balıq ovuna çıxırsınız. Deyir, “Balıq bilməsə də, xalıq bilir”, Allahdan gizlin olmayanı, bəndədən niyə saxlayaq: balıq ovuna maraq sizdə necə yarianıb?

- Deməzdim ki, bu barədə çox paylaşım edirəm. İşimlə bağlı, siyasi-ictimai mövzularda olan köşə yazılarımı, habelə redaktoru olduğum qəzetin materiallarını daha çox paylaşıram. Həmçinin, ictimai əhəmiyyətli, cəmiyyətdəki problemlərə aid statuslarım da çoxdur. Bir də çalışıram ki, statuslarımda həm də yorğun, yüklü olan insanlarımıza pozitiv təsir edən, üzünü güldürən bir ton olsun. Amma təbii ki, işdən, ictimai fəaliyyətdən kənar da bir həyatım var. Doğrusu, işdən kənar həyatım çoxşaxəli deyil. Cəmi iki hobbim var: Uşaqlarım ilə vaxt keçirtmək və balıq ovu. Amma hərdən dostlarımla nərd oynamağı da sevirəm. Düzü, o qədər vaxtım yoxdur ki, işdən kənar hobbilərim çox olsun. Həm də insan belədir ki, harada rahatlıq tapırsa və bu rahatlıq onu qane edirsə, ondan kənara çıxmağa lüzum olmur... 
Uşaqlığım, yeniyetməliyim Göyçayda keçib. Elə bir yerdə doğulub, elə bir yerdə böyümüşəm ki, evimizin yaxınlığından Göyçay çayı və Yuxarı Şirvan kanalı keçib. Əslində, balıq ovuna olan marağım təsadüfü deyil. Atam həvəskar balıqçı olub, demək olar ki, hər dəfə məni də özü ilə ova aparırdı. Bir müddət sonra marağım daha da artdı, artıq dostlarımla getməyə başladım. Hətta bəzən evdən icazəsiz qaçıb gedirdik.

- Bəs tilovu necə hazırlayırdız?

- O vaxt indiki kimi tilovlar yox idi, bambuk deyilən bir bitki var. Çox möhkəm və elastik bir qamışa bənzər bitkidir. Bizim rayonda az bitdiyi üçün Ağdaş rayonuna gedib, qırıb gətirirdik. Göyçayda bir ovçular mağazası var idi , ordan jilka, qarmaq- biz ona “qıra” deyirdik - alıb özümüz üçün tilov düzəldirdik.

- Deyir, balığı haçan tutsan, təzədir. Bəs balıq tutmadığınız zamanlar olubmu?

- Gənclik illərimdə uzun bir müddət balıq tutmağa gedə bilmədim. Tələbəlik, evliliyin ilk illərində, ev-eşik quranda bir saat belə vaxt tapmadım balığa getməyə.

- Tələbəliyiniz harada, neçənci illərdə keçib?

- Gəncədə. 90-ci illərə təsadüf edir tələbəliyim. Həmin dövrdə tələbə olmaq həm də aktiv bir ictimaiyyətçi, hətta siyasi proseslərin iştirakçısı demək idi. Elə tələbəlik illərindən ictimai-siyasi proseslərə qatılmışam.

- Mediaya maraq nə vaxtdan yarandı?

- Gəncədə universitetdə oxuduğum vaxtlar bir neçə qəzetə yazılar verməyə başlamışdım. Bəziləri dərc edilirdi, bəziləri yox. Bir gün elə oldu ki, universitetdə bizim kütləvi davamız düşdü. Düzü, mən davakar adam deyiləm. Sadəcə kütlə psixologiyası ilə hərəkət etməli oldum. Məsələ bizi universitetdən qovmaq təhlükəsi yaranana qədər böyümüşdü. Mən də bir az araşdırdım ki, davaya görə tələbəni qovmaq olar, ya yox. Məlum oldu ki, qovulmaq məsələsi ola bilməz və biz yalnız inzibati məsuliyyət daşıya bilərik. Bəzilərimizə inzibati xəbərdarlıq olunmuşdu, bəzilərimiz cərimə edilmişdi. Sonradan məlum olmuşdu ki, bu məsələni gündəmə gətirməkdə əsas məqsəd tələbələrdən pul almaqdır. Bu hadisədən sonra mən “Üç nöqtə “ qəzetinə məktub yolladam. O zamanlar Gəncədə həmin qəzet populyar idi....

- Yəni Xoşqədəm Baxşəliyevaya məktub yazdınız, eləmi?

- Düzü xatırlamıram, baş redaktor olaraq məktubu onun adına yazmışdım, ya ümumi şəkildə redaksiyanın... Ancaq “Üç nöqtə” həmin illərdə çox populyar qəzet idi. Ora məktub göndərdim ki, bizə universitetdə təzyiq edirlər. Ondan sonra yerli icra hakimiyyətindən nümayəndə göndərdilər dekanın yanına ki, bu uşaqlarla işiniz olmasın. Mediaya bir həssasiyyətim də elə buradan yarandı. Baxmayaraq ki, ixtisasım riyaziyyat-informatikadır. Universiteti bitirdikdən sonra, elə diplomumu müdafiə edən günün səhəri əsgərliyə getdim. Atam məni müəllim kimi görmək istəyirdi. Əsgərlikdən gələndən sonra bir il müəllim kimi işlədim. Ondan sonra da bəzi qəzetlərlə əməkdaşlıq edirdim. Rəsmi olaraq mətbuata gəlməyim 2001-cı ildə olub. “Təzadlar”, “Hürriyyət”, “Bakı xəbər” qəzetlərində, Beynəlxalq Qarabağ Fondunun mətbuat katibi kimi çalışmışam. 2006-ci ildə “Yeni Müsavat”a müxbir kimi gəlmişəm, 2012-ci ildə isə redaktor təyin olunmuşam.

- Xahiş edirik səmimi deyin, Siz Allah, Rauf Arifoğlu necə balıqçıdır?

- Rauf Arifoğlu yaxşı baş redaktordur, yaxşı dostdur, yaxşı media kapitanıdır, yaxşı komanda başçısıdır. Amma balıqçı kimi haqqında bir söz deyə bilmərəm. Çünki bir neçə dəfə kollektivimizi balıq tutmağa aparmağa söz versəm də, müxtəlif səbəblərdən baş tutmayıb. Bir neçə dəfə birlikdə getmək istəmişik, ancaq nəsib olmayıb.

-Bəs, redaksiyada balıq həvəskarı olan başqa kim var?

-Redaksiyada bir neçə nəfər var ki, artıq onları da “ xəstələndirmişəm”. Amma aralarında əvvəldən balıq tutmağa marağı olanlar da var. Amma “ağır xəstə” olan bircə mənəm.

- Kimlərlə balığa getməyi söz verib, sözünüzün üstündə durmamısınız?

- Mən aparıcı bir media holdinqdə redaktor olduğumdan nə vaxt boş vaxtım olacağını öncədən müəyyən edə bilmirəm. “Yeni Müsavat” qəzetinin həftədə 3 sayının məsul redaktoru oluram. Bəzən görürsən müəyyənləşdirirəm ki, məsul redaktor olmadığım gündə işdən çıxıb, saat 6-da balığa gedəcəm, ölkədə nəsə bir hadisə baş verir, yaxud hansısa yazı redaktə etməli, yaxud özüm yazmalı oluram. Təbii, mən artıq o saatda işdən çıxa bilmirəm.

- Elşad bəy, ümumiyyətlə könlü balıq istəyən nə etməlidir?

- Könlü balıq istəyən ya gedib balıq almalıdır, ya da tilovu və həvəsi olmalıdır ki, gedib balıq tutsun.

- Balığı nə üçün tutursunuz: yeməyə ya əyləncə üçün?

- Balıq mənim üçün təkcə qida anlayışı deyil. Bir az qəribə bir balıqçılıq fəlsəfəm, xarakterim var. Uşaqlarımı balığa o qədər öyrətmişəm ki, artıq balıq ağız dadlarının əsasını təşkil edir. Kiçik qızım 3 yaşındadır, ona elə gəlir ki, mən hər axşam balıqdan gəlirəm. İşdən gəlib evə girən kimi soruşur ki, balıq tutdun?
Əgər onlar istəməsə, yaxud özümün balıq yemək həvəsim olmasa, balığı evə gətirməyin o qədər də marağında deyiləm. Bilirsiz, yaradıcı insanların baxışları bir qədər fərqli olur. Mən balıq tutmağa daha çox dincəlmək, beynimi “restart” etmək üçün gedirəm. Bu səbəbdən bir qədər qapalı yerlərə gedirəm. Çünki elə yerlərdə daha çox dincəlirəm, adam az olur, yaxud heç olmur, digər balıqçıların səs-küyü sənə mane olmur.

- Daha çox hara gedirsiniz balıq tutmaq üçün?

- Məsələn, Səngəçal estakadaları var, dənizin ortasında, əsasən buraxılış alıb ora getməyi sevirəm. Orada tam dincələ bilirəm, kimsə gəlib mənim başımın üstündən hay-küylə tilov atmır. Ümumiyyətlə, balıq ovu hər zaman qanunlarla tənzimlənib. Çünki burada söhbət həm təhlükəsizlik qaydalarından, həm də flora və faunanın qorunmasından gedir. Amma bəzən buna “balıqçıyam” deyən adamların özləri əməl etməyib. Sizə bir sirr də açım, mən və bir neçə balıqçı dostumuz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, mətbuat xidmətinin rəhbəri İradə xanım İbrahimovanın köməkliyi, dəstəyi ilə su hövzələrində balıqları qorumağa müvafiq qurumlara, şəxslərə kömək edirik. İnsanlarımız çox qəribədir; ən gözəl, ən faydalı qida olan balığın nəslini vəhşicəsinə kəsirlər. Rusların bir sözü var, “harda su varsa, orda balıq var”. Amma bu gün Azərbaycanda harada su var, orda balığın kökünü kəsənlər var. Məhv etmişik. Bunu dövlət eləməyib, bunu məmurlar eləməyib, bunu edən sadə insanlardır. Heç bir məmur gedib elektriklə, suya zəhər tökməklə balıq ovlamır. Amma sadə insanlar bunu edir və həmin ərazidə illərlə balıq olmur.

- Bəzən bazardan balıq alırıq, neft dadı gəlir, bu nədəndir, səbəbi nədir?

- Bu həmin balığın dənizdən hansı tərəfdən tutulmasından asılıdır. Sahilə yaxın yerlərdə təbii ki, mazut qalıqları yığılır. Bu, təbii bir haldır. Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər müvafiq qurumlar səmimi deyirəm, maksimum çalışırlar ki, Xəzərin çirklənməsinin qarşısını alsınlar.

- Amma kefal özü mazuta meyllidir, bildiyimiz qədər....

- Kefal Xəzərə 50-60 –cı illərdə Qara dənizdən gətirilib. Bu balıq su hövzəsi üçün sanitar məqsədi daşıyır. Çünki həmin illər Xəzəri təmizləmək üçün texniki vasitələr güclü deyildi. Ona görə kefalı gətirdilər ki, mazutu təmizləsin. Kefal həm də yarıyırtıcı balıqdır. Xəzərin digər spesifik balıqlarının kürülərini yeyib. Ancaq son 10-15 ildə kefalda bu xüsusiyyət çox müşahidə edilmir, Xəzər onu “əhilləşdirib”.

- Sizcə, Xəzərin ən dadlı balığı hansıdır?

- Təbii ki, kütüm! Kütümün əsas qidası krevetkadır. Kütüm ona görə daha dadlıdır ki, o sağlam qidalara, canlı qidalara üstünlük verir. Məsələn, krevetka balıqdan daha faydalı qidadır, kütüm də daha çox onu yeyir.

- Çay balıqlarının dadı haqda nə deyə bilərsiniz?

- Belə bir düşüncə var ki, çay balıqları ən yaxşı, faydalı balıqlardır. Amma bu yanlış düşüncədir. Ən təmiz, pak balıq Xəzər dənizindədir. Geniş su hövzəsində balıq nə cür qida olsa tapıb yeyir. Həm də dənizin suyu duzludur, virusları, bakteriyaları öldürürür. Çay, kanal balıqlarının 50%-ni yarırsan, içində qurd olur. Çünki şirin su hövzəsində mikroblar daha çox olur. Amma Xəzər dənizindən çıxarılan balıqlarda qurd görmək mümkün deyil, yaxud çox az faiz təşkil edir.

- Deyirlər, ovçular, balıqçılar bir az “gopçu” olurlar. Yəni etdikləri ovun çəkisini şişirdirlər, müxtəlif macəralar uydururlar. Səmimi deməyinizi istəyərdik, sizin tutduğunuz ən ağır neçə kiloqram olub?

- Ovçuların şişirtməli danışmalarında bir qanunauyğunluq da tapmaq mümkündür. Gerçəkdən ov zamanı çoxlu macəralar olur. Hamı da bunu öz adına yazıb danışmaq istəyir. Özümə gəlincə, düzü, heç vaxt ağır çəkili balıq tutmaq həvəsində olmamışam. Çünki elə iri balığı sudan çıxaranda qaçdısa, aylarla o stressi sinirə bilmirsən. Ən böyük balığı Arazdan tutmuşam. Təxminən 3 kiloqram olardı. Böyük balıq həm də ona görə tutmaq olmur ki, bu gün Azərbaycanın su hövzələrini elə məhv eləmişik ki, artıq 10-15 kiloluq balıqlar fantaziya məhsulumuza çevrilib, elə balıqlar çıxmır. Mümkün deyil. Uzağı 10-15 kiloqramlıq naqqa balığı tutmaq olar. Onu da çox adam heç yemir. Balıqçılar arasında belə bir deyim də var: “Qaçan balıq həmişə ən böyük balıq olur”. Çünki sən onu görmürsən, suyun altında çabalayır qaçır, elə təsəvvür edirsən ki, çox iri idi.

- Hansı jurnalistlə balıq ovuna getmişiniz və ya gedirsiniz?

- Uzun müddət mənim balıq yoldaşım mərhum jurnalist İlqar Qulusoy olub. Biz onun ilə həm əqidə, düşüncələr baxımından eyni idik və balıqda ikimiz olanda daha çox dincəlirdik. Şairtəbiət insan idi, bəzən şeir deyirdi dənizin ortasında, bəzən bir balıq tuturdu ona bir şeir deyirdi. Çox rahat olurduq onunla, balıq tutmaq ikiqat zövq verirdi. Balıq tutmaq bir fəlsəfədir, hər insanla gedib zövq almaq mümkün deyil. Bir adamla ki, getdin və ona zəng edib harada olduğunu soruşub “gəl evə” dedilər, həmin adamla bir də getməməlisən. Mən balığa gedəndə heç vaxt telefonu açıq tutmuram. Ona görə deyirəm ki, balığa getdiyin adam səninlə eyni düşüncənin adamı olmalıdır. İlqar da elə idi. O, rəhmətə gedəndən sonra mən uzun müddət balıq tutmağa gedə bilmədim. Öz-özümə deyirdim necə gedə bilərəm onsuz? Sonra onu əvəzləyəcək adamı tapmadığım üçün 5-6 ay sonra tək getdim.

- İndi kimlə gedirsiniz?

- Son iki ildə balığa dostlarım Arif və Şahinlə gedirəm. Daha çox Ariflə. Onlar fərqli peşənin sahibləridir, amma həm də peşəkar balıqçılardır.

- Bəs, tanınmışlardan başqa balıq həvəskarı olan kim var, bilirsinizmi?

- Ümumiyyətlə “beyin yükü”nü atmaq üçün hamıya məsləhət bilərdim balıq ovuna getməyi. Bəziləri, elə gənc yazıçılar, yazarlar da deyir ki, beyin yüküm çoxdur, dözə bilmirəm, gedir bütün günü araq içir. Amma mən bu insanlara tövsiyə edərdim ki, balıq tutmağa getsinlər. Məsələn, mən çox sevinirəm ki, belə nümunəni gözəl şairimiz, dostum Rüstəm Behrudi də ortaya qoyub. O da mənim kimi yorğunluğunu atmaq, ilham almaq üçün balıq ovuna gedir. Düzü heç vaxt qismət olmayib onunla birlikdə getmək, ya onun vaxtı olmayıb, ya mən onunla getməyə vaxt tapmamışam. Amma bilirəm ki, Rüstəm müəllim yaxşı balıqçıdır. Ən azı onun əlindəki tilovdan bilmək olur ki, çox yaxşı balıqçıdır. Bir balıqçının əlindəki tilova baxanda onun peşəkarlığını bilmək olur. 
Yaradıcı çevrəyə aid olmayan tanınmışlardan isə keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev yaxşı balıqçıdır. Bir neçə dəfə balıqda onunla rastlaşmışıq. O, nazir olduğu vaxtlarda da balığa gedirdi.

- Sizcə balıq tutmağın mövsümü varmı?

- Balıq yeməyin mövsümü yoxdur. Amma bəzi aylarda balıq tutmaq doğru sayılmır. Elə aylar da var ki, ümumiyyətlə balıq tutmaq həm günahdır, həm də qanunla qadağandır və özünə hörmət edən balıqçı o ərəfədə kütləvi ov etməz. Bu əsasən kürü tökülən aylara, yəni mart-iyul aylarına təsadüf edir. Təbiətin çox gözəl bir qanunu var, kürü aylarında dişi balıqlar demək olar ki, tilova gəlmir. Adətən o aylarda erkək balıqlar tilova yem üçün gəlir. Elə erkək balığı da həmin vaxt tutmaq düzgün deyil, çünki tutsan, dişi balığin yaşamaq şansını azaltmış olacaqsan. Kürü tökən ərəfədə dişi balığı və tökülən kürünü erkək balıq qoruyur.

- Balıq tilova əsasən nəyə gəlir? Yem olaraq nədən istifadə etmək lazımdır?

- Hövzədən asılıdır. Çayda balıq tutmaq üçün əsasən çəyirtkə, soxulcan, yəni tərpənən həşəratlardan istifadə edilir. Yəni hövzədə balıq nəyi tanıyırsa ona gəlir. Dənizdə krevetka, bir də çörək effektlidir.

- Xaricdə balıq tutmusunuzmu?

- Bəli. Ötən il dostum Nicat Dağlarla Ukrayna və Moldovada olduq. Ukraynada vaxtımız az idi, amma ora çatan kimi bir göl tapdım ki, gedib heç olmasa burada balıq tutanlara baxım 1-2 saat. Moldovaya çatan kimi isə birinci işim balıq ovu yerlərini müəyyən etmək, sonrakı gün isə tilov alıb oradakı dostlarımızla balığa getmək oldu. Nicat hələ də bunu deyib-gülür ki, Moldovada məni də özünə qoşub, “qara bazar”ı gəzdirib yaxşı qarmaq, satılıq soxulcan axtarırdı.

- Heç xanım balıqçılara rast gəlmisinizmi?

- Çox az. Cəmi 2-3 dəfə balıqçı xanım görmüşəm su hövzələrində balıq tutan.
Baxılıb: 5848
Sosial bölməsinin digər xəbərləri: