Diqqət mərkəzi
Qida Təhlükəsizliyi Agentliyi monitorinqlərə başlayır
A
Qida Təhlükəsizliyi Agentliyi monitorinqlərə başlayır
15:46 30.06.2018
İyunun 29-da Qida Təhlükəsizliyi Agentliyində iyulun 2-dən etibarən qida zəncirinin bütün mərhələlərində iştirakı nəzərdə tutulan sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması, yoxlama, nəzarət və digər səlahiyyətlərin icrası ilə bağlı mətbuat konfransı keçirilib. 

Agentliyin sədri Qoşqar Təhməzli qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstəyin göstəriləcəyini, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirələcəyini bildirib. Qeyd edib ki, yeni prosedurlarla bağlı davamlı olaraq tövsiyələr veriləcək, sahibkarlarla maarifləndirmə və təbliğat işləri daim diqqətdə saxlanılacaq. 

Q.Təhməzli bildirib ki, yay fəsli ilə əlaqədar olaraq gələn aydan etibarən Qida Təhlükəsizliyi və Dövlət Turizm agentlikləri birgə turizm və ictimai iaşə obyektlərində monitorinqlər aparacaq. Məqsəd həm ölkə vətəndaşlarının, həm də xarici turistlərin sağlam qida məhsulları ilə təmin etməkdir.

Qeyd olunub ki, vətəndaşlar Qida Təhlükəsizliyi ictimai nəzarəti artırmaq məqsədilə istifadəyə verilmiş Mobil dəstək proqramı vasitəsilə qida sahəsinə dair pozuntularla bağlı bütün məlumatları ünvanlaya biləcəklər. Həmin proqramın köməyilə vətəndaşlar istirahət zonalarında, yaşadıqları ərazilərdə, eləcə də ölkə daxilində istənilən ərazidən operativ şəkildə məlumat verə biləcəklər: Uşaqların qida təhlükəsizliyinə diqqəti çəkən Agentlik sədri məktəbəqədər təhsil müəssisələrində, orta və ali məktəblərdə qidalanma rasionlarına nəzarətin həyata keçiriləcəyini bildirib.

Q.Təhməzli bildirib ki, sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması ilkin olaraq üç mərhələni əhatə edəcək. Həmin mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatı və dövlət reyestri aparılacaq.

Qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunmasında iştirakını yüksək qiymətləndirən Q. Təhməzli sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə və qarşılıqlı etimada söykənən əməkdaşlığa çağırıb. 

Tədbirin sonunda Agentliyin sədri jurnalistlərin suallarını cavablandırıb.

Baxılıb: 2189