Diqqət mərkəzi
Yeni dövrün adı SƏMİMİYYƏT olsun - Ceyhun Musaoğlu yazır
A
Yeni dövrün adı SƏMİMİYYƏT olsun - Ceyhun Musaoğlu yazır
16:52 12.04.2018
Ceyhun MUSAOĞLU

Səhər açıldı. Böyük siyasi hadisə dünən yaşanıb bitdi. Yeni dövrdə ölkə Prezidentinin kimliyi məlum oldu. Seçkinin sakit məcrada keçməsinə, hər kəsin sərbəst şəkildə səs verə bilməsinə görə xalqa təbrik düşür. Bu gündən ən böyük siyasi hadisə baş verəcək.

Bu xalq 2013-cü ilin 15-16 oktaybr təlatümünü yaşayıb, kimsə o günlərin təkrarlanmasını istəməz. Kimsə bu təkrarın yaşanmasına şərait yaratmaz. Ona görə də Avropdakı söyüşcül gənclərin mənfi enerjisinin palçıq vulkanı kimi püskürərək ətrafı yandırmaq cəhdinə rəvac vermədik. Alova benzin tökməzlər. 

Aprelin 11-də söyüşcül qrupun və onlara söyüşsüz etiraz edən ziyalı davranışlı qrupun Berlindəki Azərbaycan səfirliyinin binası qarşısındakı aksiyalarını  izlədim. Alman polisi iki azərbaycanlı qüvvə arasında səd çəkmişdi. Eyni soy-kökə malik insanların qardaş qırğını törətməsinin qarşısnı əcnəbi polis alır. Olduqca ayıb görüntü. Niyə bütün bunlar bizim başımıza gəlməlidir? Niyə erməni kimi murdar xislətli düşmən bizə baxıb gülməlidir? Niyə özümüzə sülhpərvər dediyimiz halda tamam fərqli mövqe nümayiş etdirib, Qarabağın bizdən daha da uzaqlaşmasına rəvac verməliyik? 

Suallar çoxdur - köhnə və nimdaş görkəmli suallar. Cavablar da köhnə və nimdaş olacaqsa,  həyatımızın ritmi "hamam-hamam içində..." davam edəcək. 

Suallar aktuallığını mütləq itirməlidir. Sualın hər dəfə təkrarlanması, cavabsızlığın deyil, yeni cavabın olmadığının nəticəsidir. Beynimizi söndürək və yenidən yandırıb, soyuq başla düşünək: nəyimiz çatmır? İfrat düşüncənin bu suala iki cavabı var, hərəsinin bir cavabı. Qara görənlər, "heç nəyimiz çatmır" deyir, ağ görənlərsə deyir ki, hər şeyimiz çatır. Cəmiyyəti cəmi iki rəngdə görənlər təbii qarşıdurma həddinə çatacaqlar. Aristotel məntiqi ilə yaşamaq uğurlu seçim deyil. Lütfizadə Aristoteli kölgədə qoydu. "Hə" ilə, "Yox"un arasında  sonsuz sayda qərarlar var, rəngli-rəngli qərarlar. 

Yeni dövrün 7 ili rəngarəngliyi ilə seçiləcək. İnanaq və bu inamımızın doğrulmasına çalışaq. 26 illik müstəqillikdə qazandıqlarımız öz əməyimizin məhsuludur. Müstəqillik və azadlıq bu əməyin ən ləzzətli bəhərləridir. Müstəqillik və azadlıq varsa, qalan bütün problemlər həllini tapmağa məhkum və məcburdur. Hər şeyi xalq özü qazana bilər, məsələn, ötən il devalvasiyaya məruz qalanda insanlar panikaya düşdülər. Heç bir il keçmədi, vəziyyət əvvəlki məcrasına qayıtdı, "çökəcəyik"- deyərək, daş atıb başını tutanlar nə çökdülər, nə də daş qayıdıb onların başına dəydi. 

"Darımızı çölə səpməyək". Rəngarəng cəmiyyət qurmaq mümkündür. Dövlətin çox şeyi var: İndi qurmağa, tikməyə, yaratmağa ehtiyac yoxdur, indi qorumağa, itirməməyə ehtiyac var. Əlimizdə olanları kimsə ala bilməz, özümüz itirməsək. İtkilər mənəvi dəyərlərin yoxa çıxması ilə başlayır. İnsanları bir-birinə bağlayan mənəviyyatdır. Mənəviyyatı zəngin olanlar başqasını incitməz, əksinə, başqasının qayğısına qalar. 
Əhali ilə tez-tez ünsiyyətdə oluram. Adamlar nə pul istəyir, nə mal. O pulu da özləri qazana, o malı da qazandıqları ilə ala, o çörəyi də doyunca yeyə, hətta bölüşə bilərlər. Adamlar mənəvi dəstəyin, səmimi münasibətin acıdırlar. Onlar sayılmaq, hesaba alınmaq, dərk olunmaq arzusu ilə alışıb yanırlar. 

Aprel şəhidlərinin ailələrindən eşitdiklərim nə pulla, nə mülklə, nə işsizliklə bağlıdır. Onlar sadəcə 
qayğı istəyirlər. Şəhidin doğum günündə, anım günündə qapılarının döyülməsini, rayon rəhbərliyinin onları ziyarət etməsini istəyirlər.  Yaxud, tələbə müəllimdən minnətli qiymət yox, sevgi umur,  sərnişin sürücüdən onunla adam kimi rəftar edilməsini istəyir, gediş haqqının aşağı düşməsini, yaxud qaldırılmamasını deyil. İnsan varlı yaşamaqdan daha çox rahat yaşamağı tərciyyə edir. Rahatlıqsa səmimiyyətə bağlıdır. Şəhidin doğum gününü bilən, şəhidin ailəsinin real durumundan xəbərdar olan neçə icra başçısı tanıyırıq? Axı başçının mütəmadi olaraq şəhidin evinə getməsi, ailənin dərdi ilə maraqlanması bu qədərmi ağır, məşəqqətli bir işdir?  Axı başçının rayon gəncləri ilə ünsiyyət qurması, onların  dərdini dinləməsi niyə çətin olsun? 
Adamlarla görüşlərimiz olur. Tədbir bitir, amma getmək istəmirlər. Eləcə dinləmək, danışmaq, danışmaq, dinləmək... var olduqlarını təsdiq etmək istəyirlər. Biz onlarla görüşə görə dostluq etmirik, sonra da zəngləşir, maraqlanır, bacardığımız köməyi əsirgəmirik. 

Prezident insanlara enməyi, təvazökarlığı, səmimiliyi özünə şərəf bilir. Bu fədakarlığa xalq layiqli cavab verdi: Cənab İlham Əliyev 86 faiz səs çoxluğu ilə növbəti dəfə Prezident seçildi. 
Xalq onun qayğısına qalanı unutmur və özünü belə bir insana dayaq edir. Xalqı təşkil edən təbəqələr iki rəngdə ola bilməzlər. Onları rəngli görmək, hər kəsə doğmamız kimi münasibət göstərmək lazımdır. Zatən bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Azərbaycanlının ən yaxın dostu da azərbaycanlıdır, düşməni də. 

Söyüşçülər düşmənlik edirlər, yüz faiz peşman olacaqlar. Sonrakı peşmançılıq fayda verməyəcək. Biz onların daha tez və vaxtında peşman olmasına çalışmalıyıq. Rayon rəhbərlərləri adamların bir-bir qapılarına gedib, müəssisə rəhbərləri işçilərin bir-bir ürəklərinə girib, çatışmazlıqları ilə maraqlansalar, könüllər çiçəklənər. 

Prezidentin sərəncamları ilə yeni dövrün illərinin müxtəlif adları olacaq. Bütövlükdə isə yeni dövrün bir adı olsun: Səmimiyyət. İnsanların çörəyi də var, ürəyi də. İnsanlar yalnız və yalnız səmimi münasibət arzusundadırlar. Yeni dövr onları arzularına çatdırsın! İnanırıq çatdıracaq da. Prezident seçkidən dərhal sonra xalqa müraciətində dedi: "Daha güclü Azərbaycan quracağıq". İnanırıq, quracağıq. Daha güclü Azərbaycanın qurulmasına var gücümüzlə töhfə verməyə hazırıq!



Baxılıb: 2548