Diqqət mərkəzi
Gecikdiyimdəndir ömrüm boyu tələsməyim
A
Gecikdiyimdəndir ömrüm boyu tələsməyim
11:41 05.03.2018
Ceyhun MUSAOĞLU

34 yaşım olanda nə vaxtsa 43-ə çatacağımı heç düşünmürdüm. 20-dən sonra illərin təhvil alıb verdiyi o günü tamam unutdum. “Niyə varam” sualına cavab tapmayacağımı yəqinləşdirmişdim. Mənsiz nəinki dünyanın, məmləkətin də, yurdumun da, evimin də işi keçirdi. Milyonlardan biri olduğunu dərk etmək əzabdır. Yaşadığım mühitdə bir fikir hakim idi: “Əvəzolunmaz insan yoxdur”.  Di get əvəz oluna-oluna yaşa. 

Ölülər kimidir dirilər – onların da gücü heç nəyə çatmır, bizim də. Zəngilan onların da heç nəyidir, mənim də. Düşünəndə ki, Zəngilanda doğulan nənəm Bakıda öləcək, miskinləşirdim. Hər gün açılan səhər, düşən gecəyə dönürdü elə açılan kimi. Düşündüyüm oldu. 

20-dən sonra sürətlə böyüməyə başladım. Düşünürdüm ki, 43-ün də, 45-in də, elə 50-nin də yanından sürətlə ötüb keçəcəm. Kimsənin doğum günümü yadıma salmasından zəhləm gedirdi. Düşünürdüm ki, sürətlə və səssiz ötüb keçər, məni yaradan günün gülüş hədəfinə çevrilmərəm. Onun gülməyə, şaqqanaq çəkməyə haqqı vardı. Soruşa bilərdi: hələ də sən belə qalmısan, hələ də hamı kimisən, hələ də zərrə qədər kimsəyə xeyir verməmisən? Bir dəfə həyasızlıq edib, soruşmuşdu da. Əsəbi cavab vermişdim. Demişdim: 

- Əcəb eləmişəm.
- “Əcəb eləmişəm” sözünü qorxaqlar deyər - cavabını vermişdi.
- Məgər məni qorxaq hesab etmirsən?
- Qorxaqlar bu vəhşi dünyada yaşaya bilməzlər.
- Sən buna yaşamaq deyirsən?
- Əlbəttə. Axı dəfələrlə ölümün bir addmlığından dönmüsən.
- Kim döndərib?
- Allah.
- Niyə?
- Yəqin ki, səninlə bir işi var...

Qışqırmışdım: Bundan sonra? Çoxu gedib, azı qalıb.  Ondan səs çıxmamışdı. Bu hadisə 15 il əvvəl olub. Hələ də susur doğulduğum o gün. Hələ də yanından ötüb, dumanın, sisin içində daşlı yollarla üzü yuxarı gedirəm. Yorulanda elə oradan aşağı yumalanmaq istədiyim az olmayıb. Alındıra bilməmişəm. Arxada qalan hər addımın üzərində hasar ucaldılıb. Hasar sırtıqcasına hırıldayıb deyir: canın çıxsın bu yolu dırmaş sonuna qədər. 
Ətrafımda biri də yoxdur ki, sonun hara olduğunu öyrənim. Əgər son sonsuzluqdursa, sonsuzluq nəticəsizlikdirsə, niyə gedim axı? Gücümü, enerjimi, potensialımı, inamımı, sevgimi bu duman tutmuş daşlı-kəsəkli sonsuzluq yolunda niyə əridim axı? Doğrudanmı, daha heç lazım deyiləm? Doğrudanmı 43-ə qədər ancaq sağ qalmaq üçün yaşayan – bələkdəykən quyuya düşməkdən, gənckən gülləyə tuş gəlməkdən, orta yaşlıykən yol canavarına yem olmaqdan qurtulan mən, elə beləcə yaşamaqla çarpışa-çarpışa 53-ə, 63-ə, bəlkə də 73-ə çatacam, qurmaq, yaratmaq, başqalarını yaşatmaq arzumun caynağında boğularaq, duman içində daşlı-kəsəkli yolla sonsuzluğa doğru yıxıla-dura yürüyəcəm? 

Beynimə bir fikir hakimdir: GECİKMİSƏN. Bu gecikmə 20-dən başladı. O vaxtdan hey tələsirəm. Üzüyuxarı qalxmağım da kəsə getmək istəyimin təzahürüdür. Bəlkə də çatmışam. Bəlkə də ötüb keçmişəm. Duman ətrafı görünməz edib. Nə mən görürəm, nə məni görürlər. Qışqırmaq vaxtı da deyil. Nə saçımın rəngi ilə uyuşur, nə beynimin quruluşu ilə. 

Baxılıb: 2914
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: