Diqqət mərkəzi
Prezident həlak olanların ailə üzvlərinə kömək göstərilməsi ilə bağlı göstəriş verdi
A
Prezident həlak olanların ailə üzvlərinə kömək göstərilməsi ilə bağlı göstəriş verdi
13:41 02.03.2018
Martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın baş verib.

Azərbaycan Prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub.

Aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlətimizin başçısına məlumat verdilər.

Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilib.

Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib.

Dövlətimizin başçısı hadisənin nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar müvafiq tapşırıqlarını verdi.

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verdi.

Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

Baxılıb: 2625
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: