Diqqət mərkəzi
Əli Həsənovun sensasion açıqlamasının “Ağ Yol”da müzakirəsi
A
Əli Həsənovun sensasion açıqlamasının “Ağ Yol”da müzakirəsi
13:37 02.03.2018
“Ağ Yol” Vətəndaş Hərəkatı facebookda özünün “Ağ Yol” səhifəsi və eyni adlı qrupunda yenə də həftənin ən çox diqqət çəkən müzakirələri ilə çıxış edib. Bildiyimiz kimi bu həftə əsasən Xocalı soyqırımı ilə bağlı ölkə daxilində və xaricində mühüm tədbirlər keçirilib.  

İctimayyətin xüsusi diqqətinə səbəb olan digər mühüm tədbir isə Niderland Krallığının paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayı idi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Avropa ölkələrində kütləvi tədbirlərin keçirilməsi, o cümlədən 31 Mart soyqırımının 100 illiyi ilə bağlı qitədə təbliğat işlərinə start verilməsi ilə bağlı mövzular ətrafında aparılan müzakirələr zamanı bir sıra vacib məsələlərə toxunulub. 

Qurultayda Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışı zamanı, "Bütövlükdə texniki, hərbi hazırlığımız o səviyyədədir ki, 1 ayın içərisində Ermənistanın ərazisini götürə bilərik” - deyə, vurğulayıb.

Prezident Administrasiyası rəsmisinin bu sensasion açıqlamasını sosial mediada gündəmə gətirən “Ağ Yol” Vətəndaş Hərəkatı yenə də facebookda çox saylı aktivləri bir araya toplayıb.  
“Təhlükəsizlik Azərbaycanın dövlət siyasəti üçün prioritet istiqamətdir.” başlıqlı post paylaşımda  Əli Həsənovun açıqlamasındakı vacib məqamlar qeyd olunub.  

Facebookda beş yüz mindən artıq üzvü olan “Ağ Yol” səhifəsinin status ilə bağlı bildirilən rəylərdə vətəndaşların birlik və millilik mövqeyi özünü göstərib. Prezidentin köməkçisinin çıxışını alqışlayan sosial şəbəkə istifadəçiləri dövlətin təhlükəsizlik istqamətində apardığı mühüm islahatlara nəzər yetiriblər. 
Müzakirələrdə əsasən dövlət tərəfindən ordunun gücləndirilməsinə göstərilən diqqət, Azərbaycan vətəndaşının tam sabitlik və rifah halında yaşamasına verilən dəyər, eyni zamanda 1 milyon qaçqınımızın öz doğma yurdlarına qaytarılması üçün bütün gücün səfərbər edilməsi vurğulanıb.  

“Ağ Yol” səhifəsi və qruplarında paralel aparılan fikir mübadiləsində bildirilib ki, bu gün dövlətimizin işğal olunmuş torpaqlarının geri qaytarması məsələsi ilə bağlı siyasət tam düzgün istiqamətdə aparılır. Vurğulanıb ki, əgər bu siyasətə mane olan olmasa ordumuzun müdafiə və hazırlıq imkanları Dağlıq Qarabağ və ətraf rayonların bir neçə gündə geri qaytarılmasını mümkün edəcək. 

Şərhlərdə o da xüsusi vurğulanıb ki, Azərbaycan öz torpağının müdafiəsinə qalxır. Düşünülmüş siyasətə, qüdrətli orduya sahib olan bir dövlətdə ata-baba yurdundan didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bir gün öz evlərinə qayıdacaqlarına əminlik ifadə olunub.
Baxılıb: 3013
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: