Diqqət mərkəzi
Dilçilik İnstitutundan dəyişikliklərlə bağlı açıqlama - "Yalnışlıq var idi..."
A
Dilçilik İnstitutundan dəyişikliklərlə bağlı açıqlama -
17:40 16.01.2018
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsüm Nağısoylu "Orfoqrafiya lüğət”ində ediləcək dəyişikliklərlə bağlı təklifin hansı səbəbdən hazırlandığına aydınlıq gətirib.

AZƏRFAKS xəbər verir ki, akademik Missiya.Az-a açıqlamasında dəyişikliklərin elmi əsaslarla aparıldığını deyib: “Məndə 1975-cü ilə aid "Orfoqrafiya lüğət”i var. Bu Azərbaycanın 4-cü “Orfoqrafiya lüğət”dir. Bizdə qəbul olunub ki, sonu kar samitlə bitən sözlərdən sonra “qı” şəkilçisi qoşulur. Məsələn, “basqı, “asqı”. Sonu cingiltili samitlə bitənlərdə isə “ğı” şəkilçisi qoşulur. Məsələn, “alğı”, “çalğı”, “duyğu”. Kar samitlə bitəndə “q”, cingiltili samitlə bitəndə “ğ” olur. Bu anlaşılmazlıq yaradır. Yəni, biz “alğı” sözünün “duyğu” kimi “ğ” ilə yazılmasını təkif edirik. Bu tip sözlər arasında fərq yalnız “alqı-satqı” sözündə qalmışdı. 2004-cü ilin lüğətində “alqı” sözü yoxdur, “alğı” dır. 2013-cü ilin lüğətində isə “alğı” sözü olub, “alqı”. Bu yanlışlıq şagirdlər arasında böyük anlaşılmazlıq yaradır. Bunu aradan qaldırmaq istəyirik”.

Möhsüm Nağısoylu “əsgər” sözünün, “əskər” kimi yazılması ilə bağlı təklifə də aydınlıq gətirib: “1974, 2004, 2013-cü illərdə çap edilən lüğətlərə baxın. Həmin lüğətlərdə “iskənə” sözü “k” ilə yazılıb. Amma “əsgər” sözü “g” hərifi ilə yazılır. Prinsipsizlik var. Şagirdlər çaşqın qalırlar. Bilmirlər ki, “isgənə”ni “k” ya “g” ilə yazsınlar. Həmçinin “əsgər” sözünün yazılışında da şagirdlər anlaşılmazlıq yaşayırlar. Onlar “əsgər” sözünü “g” ya “k” ilə yazacaqlarını dəqiqləşdirə bilmirlər. Biz bu çaşqınlığı aradan qaldırmaq üçün, həm də elmi şəkildə, elmi prinsiplərə söykənərək təklif edirik ki, “əsgər”, “isgəndər”, “işgəncə”, “əsginaz” da “k” hərifi ilə yazılsın”.

Akademik bu dəyişikliyin digər səbəbini sözlərin mənbələri ilə əlaqələndirib. “Mənbədə bu sözlərin yazılışı belədir. Məsələn, “əsgər” sözü ərəb dilindən alınma sözüdür. Ərəb dilində “əsgər” sözünə “əsrakər” deyilir. “Əsrakər” sözündə isə “k” “g” kimi tələfüz olunur. Amma “əsgər”də “g” “k” kimi tələfüz olunur. Çünki o biri samit kardır. İki kar samit yanaşı gələndə, ikinci cingiltili olur.

Möhsüm Nağısoylu məktəblərdə orfoqrafiyanın tədrisinə davam ediləcəyini deyib. Onun sözlərinə görə, sözlərin hamısı dəyişməyib. “Bir bir neçə sözün dəyişdirilməsi təklif olunub. Hər dəyişiklik edilən zaman anlaşılmazlıq yaranır. Bu səbəbdən hissə-hissə dəyişiklik edilir ki, anlaşılmazlıq olmasın”.

Akademik bildirib ki, Türkiyədə də belə bir təcrübə var: “Orada tələfüzü əsas götürürlər. Məsələn, qoşa “y” hərifi ilə olan sözlər var: Ədəbiyyat, Mədəniyyət. Türklər həmin sözləri bir “y” hərifi ilə yazırlar”.

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib.

Tədbirdə yeni "Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. "Əsgər” sözünün "əskər”, "alqı-satqı” sözünün "alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.



Baxılıb: 1717
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: