Sosial
Aprel döyüşləri qəhrəmanlarının şücaətini əks etdirən rəsm sərgisi açılıb - JEM-in layihəsi
A
Aprel döyüşləri qəhrəmanlarının şücaətini əks etdirən rəsm sərgisi açılıb - JEM-in layihəsi
12:07 29.11.2017
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin (JEM) həyata keçirdiyi “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” layihəsi çərçivəsində şəhidlərin portretlərindən ibarət sərgi açılıb.

 Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə açılan sərgidə Aprel döyüşləri qəhrəmanlarının şücaətini əks etdirən rəsmlər nümayiş olunub. Rəsmləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasında sənət təhsili alan yeniyetmə rəssamlar çəkib.

Şəhid ailələrinin, hərbçilərin, ictimai xadimlərin və rəssamların iştirak etdikləri tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi yad edilib.

Çıxış edən JEM sədri Ceyhun Musaoğlu bildirib ki, layihənin keçirilməsində məqsəd şəhid ailələrinə mənəvi dəstək olmaqla yanaşı, əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərlə əbədiləşdirmək, gələcək nəslin yaradıcı nümayəndələrinə vətənpərvərlik ruhu aşılamaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, Vətən uğrunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək Aprel döyüşlərinin Azərbaycan dövlətinə, xalqına, cəmiyyətinə böyük qələbə qazandırdığını deyib. 2016-cı ilin aprel hadisələrindən sonra düşmənin hələ də özünə gələ bilmədiyini, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bütün Ermənistanı sarsıtdığını deyən polkovnik bu qələbəyə görə xalqımızın şəhidlərə, onları qəhrəman böyüdən valideynlərə borclu olduğunu bildirib. Deyib ki, bu sərgi qəhrəman övladlarımızın əziz xatirələrinin əbədi yaşayacağına daha bir sübutdur.

Tədbirdə Milli Məclisin deputatı Dilarə Cəbrayılova çıxış edərək layihənin təşkilatçılarına və icraçılarına minnətdarlığını bildirib. Şəhid ailələrinin Azərbaycana qəhrəman oğullar bəxş etdiyini, bu oğulların Vətənə qələbə sevinci yaşatdığını deyən deputat bütün xalqımızın aprel döyüşçüləri ilə fəxr etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən şəhid ailələri onların övladlarını daim yad etdiklərinə görə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva rəhbərlik etdiyi təhsil ocağının qəhrəmanlığın təbliğatına azacıq da olsa töhfə verməsindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, yeniyetmə rəssamlar Aprel qəhrəmanlarının portretlərini çəkərkən ali hisslər yaşayıblar və bu yaşantılarını rəsm əsərlərində göstərməyə çalışıblar.

Sərgidə yeniyetmə rəssamlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Onlara köməklik göstərən filarmoniyanın direktoru və müəllimləri də fəxri diploma layiq görülüblər.

Aprel döyüşləri qəhrəmanlarının portretləri muzeyə hədiyyə olunub.

AZƏRTAC 
Baxılıb: 1650
Sosial bölməsinin digər xəbərləri: