Ramin Əhmədov: "Sərbəst toplaşmaq azadlığı özbaşınalıq deyil"
A
Ramin Əhmədov:
14:58 06.10.2017
"Arif Hacılının Qanundan xəbəri yoxdur. Olsaydı bilərdi ki, harada mitinq keçirmək olar, harada yox".

Müsavat Partiyasının başqanı Arif Hacılı özünün Facebook səhifəsində Prezident İlham Əliyevin Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə keçirdiyi görüşdə ölkədə sərbəst toplaşma azadlığının təmin olunduğuna dair səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, həmin görüşdə dövlət başçısı bu fikirləri səsləndirmişdi: "...Mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz”.

A.Hacılının sözlərinə görə, dəfələrlə stadiondan kənarda  mitinq, yürüş, piket keçirmək üçün müraciətləri qadağan edilib: "Qanuni tədbirlərimiz icazəsiz adlandırılaraq təziqə, zorakılığa, həbslərə məruz qalmışıq. İndi deyirsiniz sərbəst toplaşma azadlığı təmin edilir? Lap yaxşı, “Məhsul” stadionundan kənarda kütləvi aksiya keçirmək üçün müraciət edəcəyik. Görək İlham Əliyev mötəbər tədbirdə dediyi sözün arxasında dura biləcəkmi?“

Arif Hacılınln yazdıqlarına münasibət bildirən Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Müsavat başqanını "Sərbəst Toplaşmaq Azadlığı  Haqqında" Qanunun maddələrindən xəbərsiz olduğunu bildirib.  R.Əhmədov qeyd edib ki, sözügedən Qanun heç kəsə istədiyi yerdə etiraz aksiyası təşkil etmək imkanı vermir: "Görünür Arif Hacılı istinad etdiyi Qanunu yaxşı oxumayıb. Oxusaydı görərdi ki, orada aydın şəkildə yazılıb: "Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər". Arif Hacılı gedib parklarda, istirahət məkanlarında, əhalinin sıx şəkildə cəmləşdiyi yerlədə mitinq keçirmək istəyirsə, Qanun ona belə bir səlahiyyət vermir. Yaxşı olar ki, Arif Hacılı Qanunun 9-cu maddəsinə bir də nəzər salsın. Orada konkret şəkildə göstərilib: "Aşağıdakı yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər:

- Körpülərdə, tunellərdə, tikinti aparılan sahələrdə, insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektlərində və istismarı xüsusi təhlükəsizlik texnikası normalarına riayət olunmasını tələb edən digər obyektlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, suların mühafizə zonalarında;

- Hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçıları üçün təhlükəli məsafə daxilində olan yerlərdə;

- Penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə.

A.Hacılı qeyd edir ki,  “Məhsul” stadionundan kənarda kütləvi aksiya keçirmək üçün müraciət edəcəyik. "Bu, əslində təxribat xarakterli fikirdir. O, qanunla qadağan olunmuş yerlərdə mitinq keçirmək istəyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edə bilər. Təbii ki, İcra Hakimiyyəti bu qanunsuz tələbə mənfi cavab verəcək. A.Hacılı bundan sonra başlayacaq ki, gördüz, Prezident deyirdi ki, sərbəst toplaşmaq azadlığı təmin olunub, amma biz müraciət etdik, yox cavabı verdilər. Başlayacaqlar beynəlxalq təşkilatlara məktublar göndərməyə. Amma deməyəcək ki, mitinq keçirmək istədiyimiz yer Qanunla qadağan olunmuş ərazilərə daxildir. Heç onu da deməyəcək ki, biz müraciətdə mitinqin şüarlarını başqa cür göstəririk, mitinqlərdə isə başqa şüarlar səsləndiririk".

R.Əhmədov Müsavat başqanının "Məhsul" stadionunun girişində Polis əməkdaşlarının nəzarət aparması barədə qeydlərinə də münasibət bildirib. YAP nümayəndəsi hesab edir ki, aksiyalarda ictimai asayişin yüksək səviyyədə qorunması A.Hacılıya sərf etmir: "Bu adamlar təxribarlara meyillidirlər. Onların istədiyi odur ki, ölkədə xoşagəlməz hadisələr baş versin. Yaxşı, sabah həmin aksiyalar zamanı bir hadisə baş verərəsə, insanlar zərər çəkərsə, buna görə kim məsuliyyət daşıyacaq? Polis öz vəzifəsini yerinə yetirir. Dövlət öz vətəndaşını bütün mümkün təxribatlrdan qorumağa çalışır. Arif Hacıllının və digərlərinin istəyi odur ki, mitinq keçirilən ərazilər nəzarətsiz buraxılsın, bunlar da istədikləri təxribatı törədib ölkədə süni gərginlik yaratsınlar".

R.Əhmədovun fikrincə A.Hacılı belə açıqlamalar verməklə öz mövcudluğunu göstərməyə çalışır: "Bu adamın varlığı ilə yoxluğu bilinmir. Rəhbərlik etdiyi partiyanın proseslərə təsir imkanları sıfıra bərabərdir. Ona görə də tamamilə unudulmasın deyə hərdən belə əsassız fikirlər səsləndirir. Bu adamın heç öz partiyası daxilində nüfuzu yoxdur, durub Prezident İlham Əliyevin fikirlərini şərh etməyə cəhd göstərir. Arif Hacılı mitinqlərə "Məhsul" stadionunun  heç olmasa yarısına qədər adam cəlb etmək iqtidarında deyil. O hansı aksiyadan, hansı yürüşdən danışır? Bu adamlara elə gəlir ki, sərbəst toplaşmaq azadlığı özbaşınalıq deməkdir. Yox, belə deyil. Bütün ölkələrdə bu məsələ də qanunla tənzimlənir".  

Baxılıb: 3337