Diqqət mərkəzi
Ağsaqqallar Şurası turizmlə bağlı yeni illik layihəsini təqdim etdi - FOTO
A
Ağsaqqallar Şurası turizmlə bağlı yeni illik layihəsini təqdim etdi - FOTO
16:03 12.09.2017
Bu gün Azərbaycan Ağsaqqallar Şurasının "Tarix, təbiət və mədəniyyət abidələrinin mühafizəsi turizmin inkişafına səbəb kimi: ağsaqqallar və gənclərin təqdimatında" adlı yeni illik layihəsinin təqdimat mərasimi keçirilib. 

Layihə Azərbaycanın mədəni irsinin qorunması, təbliği və ölkədə turizmin inkişafı istiqamətində görülən işlərə dəstək vermək məqsədi daşıyır. Yerli əhəmiyyətli layihəyə Azərbaycanda ilk dəfə olaraq xarici turistlərin də cəlb olunması nəzərdə tutulur. Gənclərdən ibarət mobil qruplar Bakı küçələrində, otellər və istirahət mərkəzlərində turistlərlə görüşəcək, onlara Azərbaycanın turizm potensialı barədə geniş söhbət açacaqlar. Turizm rayonları kimi tanınan bölgələrimizlə yanaşı, digər şəhər və rayonlarımızın zəngin tarixi, təbiəti və mədəniyyət abidələri barədə ətraflı məlumat verəcəklər.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədr müavini Teymur Bünyadov deyib ki, Azərbaycanın 10 min illiklərə söykənən tarixi var. T. Bünyadov deyib ki, Azərbaycanın elə nadir abidələri var ki, onlar əvəzsizdir və turistlərin bu yerlərə səfərinin təşkil olunması vacibdir. 

Görkəmli alim, professor Qəzənfər Paşayev də çıxışında təqdim olunan layihənin əhəmiyyətindən, dövlətə dəstək məqsədi daşımasından danışıb.

Azərfaks İnformasiya Agentliyinin baş redaktoru Nicat Dağlar isə layihənin Azərbaycanın turizm cənnətlərinin tanıdılmasında böyük rol oynayacağını deyib. “Azərbaycanın əksər rayonlarında gözəl istirahət güşələri var. Amma həmin yerlərə hələ turistlər gedib çıxmayıblar. Məsələn, belə yerlərdən biri Daşkəsən rayonu ərazisindəki Xoşbulaq yaylasıdır. Xoşbulağın çox gözəl təbiəti var. Orada bahalı, dəbdəbəli otel və istirahət mərkəzlərinin olmasına çox da ehtiyac yoxdur. Turistlər üçün yaylanın təbiətini seyr etmək bəsdir. Bu layihə belə gözəl məkanlarımızın təbliği üçün çox vacibdir”.


Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı Şərafət Şəfa bildirib ki, şura üzvləri müxtəlif layihələrə imza ataraq, hər zaman ictimai-siyasi prosesdə fəal iştirak edirlər. 

Onun sözlərinə görə, layihə Azərbaycanın mədəni irsinin qorunması və təbliğinə yönəlib: "Layihənin məqsədi turistlərin Azərbaycanın təbiətinə ekskursiyasını təşkil etməkdir. Layihənin icrasında ağsaqqallar, gənclər, turistlər və kənd sakinləri iştirak edəcəklər. Bir daha deyim ki, burada məqsəd mərkəzdə və regionlarda tarixi mədəniyyət abidələrimizin qorunması, təbliği işlərinə dəstək verməklə yanaşı, bu bölgələrdə turizm inkişafına nail olmaqdır. Layihə çərçivəsində 4 dəyirmi masa keçiriləcək".

Layihənin digər maraqlı tərəfi isə başqa bir icraçı qrupun layihəyə cəlb olunacaq turistlərin səfər edəcəyi rayonlarda paralel olaraq müxtəlif tədbirlər təşkil etməsi olacaq. Həmin rayon və kəndlərin sakinləri ilə görüşlər keçiriləcək, tarixi, təbiət və mədəniyyət abidələrinin, eləcə də milli mədəni dəyərlərin mühafizəsi xüsusunda maarifləndirmə işləri aparılacaq. Layihənin gedişatında 4 dəyirmi masanın keçirilməsi də nəzərdə tutulur. 

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurası “Türk Dünyası Ağsaqqalları” qəzeti ilə birgə bu vaxta qədər dövlət maraqlarına xidmət edən və dövlət proqramlarına dəstək məqsədi daşıyan bir çox irimiqyaslı layihələrə imza atıb. 
Baxılıb: 2948