Diqqət mərkəzi
Onun böyük ürəyi - Birinci xanımın doğum gününə
A
Onun böyük ürəyi - Birinci xanımın doğum gününə
08:01 26.08.2017
Bu gün Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. 

Azərbaycanın birinci xanımı ölkənin ictimai-siyasi həyatında, eləcə də dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayan əlahiddə bir fenomendir. Mehriban Əliyeva digər ölkələrin birinci xanımları kimi öz fəaliyyətində yalnız bir və ya bir neçə istiqamətə deyil, demək olar ki, bütün sahələrə diqqət ayırır, gördüyü işlərə ürəyini qoyur, məsələlərə daha dərindən yanaşaraq fərqli və bənzərsiz nümunələr yaradır. Onun Yeni Azərbaycan Partiyasının sədr müavini kimi siyasi fəaliyyəti, Heydər Əliyev Fondunun prezidenti kimi humanitar sahədə gördüyü işlər, Azərbaycan Mədəniyyət Fondunun rəhbəri kimi milli musiqimizin və mədəniyyətimizin təbliği istiqamətində həyata keçirdiyi geniş miqyaslı layihələr, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin İcrayyə  Komitəsinin üzvü kimi ölkədə idmanın inkişafı istiqamətində atdığı addımlar, xoşməramlı səfiri olduğu nüfuzlu beynəlxalq qurumlardakı nümunəvi iştirakçılığı, milli-mənəvi dəyərlərimizin və zəngin irsimizin qorunması işində göstərdiyi əsl vətənpərvərlik nümunələri, millət vəkili olduğu illərdə ədalət, humanizm və insanpərvərlik ideyalarını rəhbər tutaraq irəli sürdüyü təşəbbüslər  və s. əslində ayrıca təhlil tələb edən geniş və müqayisəolunmaz fəaliyyət istiqamətləridir. 

Birinci xanım əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqramların müəllifi, elm, təhsil və səhiyyənin inkişafını təmin edən layihələrin təşəbbüskarı və icraçısıdır. O, uşaqların sağlam, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi böyüdülməsi işinə xüsusi diqqət ayırır, yorulmadan əmək sərf edir. Mehriban xanım möhtərəm Prezidentimizlə ictimaiyyət arasında əlaqələndiricidir, dövlət başçımızın ən yaxın silahdaşıdır. 

Bəli, açıq deməliyik ki, xalqın Mehriban Əliyeva məhəbbəti sonsuzdur. Hər bir Azərbaycan vətəndaşı birinci xanımın adını yüksək ehtiramla çəkir. İnsanlarımız ona əziz və doğma adamları kimi yanaşırlar. Onun qapısını döyən naümid geri dönmür. Ondan kömək uman, dəstək gözləyən carəsiz qalmır. O, ehtiyacı olanlara can yandırır, kiminə övlad, kiminə ana qayğısı göstərir. Təsadüfi deyil ki, insanlarımız Mehriban xanımdan söz düşəndə olduqca dəqiq bir ifadə işlədirlər: "Onun böyük ürəyi var". Bəli, məhz bu ürəkdir ki, onu xalqa sevdirir, hamının gözündə ucaldır, hörmət və ehtiram ünvanına çevirir. Heç şübhə etmirik ki, Azərbaycan xalqı bu ünvanı həmişə gözünün üstündə saxlayacaq.  

Doğum gününüz mübarək, hörmətli Mehriban xanım!

Ramin Əhmədov
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini


Baxılıb: 8874