Diqqət mərkəzi
Düşüncənizdən gül təravəti azalmasın - Ceyhun Musaoğlu yazır
A
Düşüncənizdən gül təravəti azalmasın - Ceyhun Musaoğlu yazır
09:14 04.08.2017
Ceyhun MUSAOĞLU

Azərbaycanın müstəqilliyinə imza atan parlamentdən başlayaraq, bu gün fəaliyyət göstərən Milli Məclis üzvlərinin azı 75 faizini tanımışam, tanıyıram.

Beynimdə saxladığım qrafikdə həmin deputatlar kateqoriyalara ayrılıblar. Əla qiymət alanları çoxdur. Onların sırasında ilk dəfə parlamentə mandat qazanan Sona Əliyevanın xüsusi yeri var. Azərbaycan parlamenti Sona xanımı təqdim edib, qürrələnə bilər. Əlbəttə parlamentimizdə adını fəxrlə çəkəcəyimiz deputatların sayı az deyil, sadəcə bu gün Sona Əliyevanın günüdür. Tam əmnəm ki, Sona xanımı ən yaxşı tanıyan jurnalistəm. Tam əminəm ki, Sona xanımın da yazar olaraq ən yaxşı tanıdığı jurnalist mənəm.
Sonuncu parlament seçkisi yeni başa çatmışdı. Şəmkirdən seçilən deputat Sona Əliyeva əməkdaşı olduğum Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı oldu. Fondun xanım könüllülərinə gənc yaşda uğur qazanmağın sirrlərindən danışdı… və deputatımızın fikirlərini maraqlı ifadə etməsi, kifayət qədər mütaliəli olması, uğurlarına işgüzarlığı və səmimiyyəti ilə çatması həqiqəti diqqətimdən yayınmadı. 
Sonra icraçı direktorumuz Oktay Səmədov danışdı, sonra mən danışdım… sonra könüllüərə layihələrimizdə fəal iştiraklarına görə sertifikatlar təqdim olundu… beləcə Sona xanım Bilik Fondunun dostuna çevrildi… nəhayət Şəmkir Bilik Evinin direktoru oldu.  

Sona Əliyevanın Bilik Fondu adından gördüyü işlərin cazibəsindən Şəmkirlilər hələ də çıxa bilmirlər, çünki bu layihələr bitmir, tükənmir. 

Parlamentdəki fəaliyyəti barədə bir məqama toxunum. Sona Əliyeva “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanmasında əsas əmək sərf edən millət vəkilimizdir. Dəqiq düşüncə tərzinə malik olan xanım deputatımız harda, neçədə, necə olmaq lazım gəldiyini mükəmməl hesablaya bilir. Onu çox istəməyən şəmkirli yoxdur – şahidiyəm, həm də dəfələrlə. 

Sona xanım Şəmkir Heydər Əliyev Mərkəzinin direktorudur.  Bu mərkəzi başqa rayonların eyni adlı mərkəzləri ilə müqayisə etmək istəməzdim, amma jurnalistlərdən xahiş edirəm, tur aksiya keçirək, sonuncu dayanacağımız Şəmkir Heydər Əliyev Mərkəzi olsun. Jurnalistliyimzə baxmayın, heyranlığımızı gizlədə bilməyəcəyik. Şəmkir Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəkləri, klubları, Bilik Evini, bu ocaqların üzvlərini, iştirakçılarını eləcə görmək, onların simalarındakı ifadəni oxumaq kifayətdir. Oxunaqlı ifadələrdir, heç də əziyyət çəkməyəcəyik. 

Xahiş edirəm, bu yazını doğum günlərində qəhrəmanın “Facebook” statusuna yazılan ad günü təbriki hesab edin. Sona xanımın fəaliyyəti haqqında daha samballı yazılarım olacaq. 

Şəmkirliləri özümə doğma bilirəm. Şəmkir İcra Hakimiyyətinin başçısı, istedadlı insan, təvəzökar və sevgi dolu vətəndaş, yüksək bacarığa sahib məmur olan Alimpaşa Məmmədov başda olmaqla, bu şəhərdə məni tanımayan, mən tanımadığım az adam var. Alimpaşa müəllim necə sistem qurubsa, Şəmkirin qızılgüllərinin ətri, zərifliyi və gözəlliyi bu rayonun adamlarınn, xüsusən də idarəçilərin düşüncələrinə hopub. Əlbəttə ki,  belə düşüncə Sona xanım Əliyevanı özünə vəkil seçməliydi. 

İnsan seçilməyi ilə yox, seçimi ilə fərqlənir. Bax, Şəmkir həm də seçməyi bacardığına görə qızılgül kimi gözəldir. 

Həyatınızla həmişə qoşa addımlayın, Sona xanım. Düşüncənizdən gül təravəti azalmasın.  


Baxılıb: 19368