Diqqət mərkəzi
Yaşıl ölkə, əyalət kimi Avropa şəhəri və atasız qalan azərbaycanlı qız - Kişinyovdan reportaj
A
Yaşıl ölkə, əyalət kimi Avropa şəhəri və atasız qalan azərbaycanlı qız - Kişinyovdan reportaj
17:06 24.07.2017
Bu şəhərdə güclü diasporumuz, ölkə boyunca söz sahibi olan iş adamlarımız var...
 
…Təyyarəmiz Kişinyova yaxınlaşarkən pəncərədən yeri seyr edən "Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədli təəccüblü halda dilləndi: "Deyəsən, bu ölkədə tikili yoxdur, hər yer əkin sahəsidir"…

Doğrudan da aşağıda hər yer yaşıl və sarı rəngə bürünmüşdü. Sanki qeyri-ənənəvi rəngdə olan nəhəng bir şahmat taxtasının üzərindən uçurduq. Əslində isə taxıl zəmiləri və üzüm sahələrini seyr edirdik. Gözlə görünürdü ki, üzərində uçduğumuz ölkənin mükəmməl aqrar-sənaye kompleksi və əsrarəngiz təbiəti var. Bu barədə bir qədər sonra.
***
Bu, bizim Moldovaya ilk səfərimiz idi. Amma haqqında çox eşitmiş və oxumuşduq. Bilirdik ki, uzun illər Rusiya İmperiyasının ağalıq etdiyi bu torpaqlar cənubda Ukrayna, qərbdə Rumıniya ilə həmsərhəddir və buralar 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya ərazisidir. O torpaqlar ki, 300 il Osmanlı İmperiyasının nəzarətində olub...

***

Kiyevdən havaya qalxan və cəmi 45 dəqiqə göydə olan təyyarəmiz Kişinyov hava limanında yerə endi. Əksər paytaxtlardakı hava limanlarına bənzməyən, kiçik, dəbdəbədən uzaq və daha çox avtovağzala bənzəyən bu məkanda bizi heç də isti qarşılamadılar. Sərhədçilər sənədlərimizi yoxlayıb "yuxarıya" məlumat verdilər və çox keçmədi ki, rütbəsini müəyyən edə bilmədiyimiz zabit bizə yaxınlaşıb gəlişimizin səbəbini soruşdu:


- Gəzməyə gəlmişik, - dedik.
- Neçə gün və harada qalacaqsız?
- 1 həftə qalacağıq. Amma harada qalacağımızı hələ müəyyən etməmişik. 
- Siz bizimlə getməli olacaqsız. Əlavə suallarımız var...
Dərhal əlimizi çantamıza saldıq. Jurnalist vəsiqəsini çıxarıb özümüzü təqdim etdik. Bayaqdan bizimlə qəzəbli formada rəftar edən zabit qəfil yumşaldı:

- Kiçik bir yoxlama idi. Heç bir problem yoxdur. Moldovaya xoş gəlmisiniz. 

Doğrusu nə baş verdiyini anlaya bilmədik. Sakitcə çantalarımızı götürüb hava limanından uzaqlaşdıq.

***

Bu da yol boyu təsəvvürümüzdə canlandırıdığımız Kişinyov. Avropaya meyillənməsinə baxmayaraq modernləşmənin hələ hiss olunacaq səviyyədə olmadığı bu şəhərlə ilk tanışlığımız köhnə və "əldən düşmüş" sovet binalarından başladı. Hətta bizə nədənsə elə gəlirdi ki, Kşinyovda hələ də sovet ruhu qalıb. Gözümüz Bakıdakı göydələnlərə, müasir əyləncə və ticarət komplekslərinə alışdığından qarşılaşdığımız mənzərə bizə tanış gəlmirdi. Quru və boz görünürdü şəhər... 

- Əgər siz burada Bakıdakı "Alov qüllələri"nə bənzəyən binalar axtarırsınızsa, tapmayacaqsız. Amma buranın da öz gözəlliyi var. Səhər özünüz görəcəksiz. 

Bizi hava limanından şəhərə gətirən sürücünün dediklərinə inanmaqdan başqa çarəmiz yox idi.

***

Səhər şəfəqləri Kişinyovun üzərinə çətir salan kimi yolu aldıq "əlimizə". Qarşımıza əvvəlcə köhnə, hasarları dağılmış, ərazisini ot basmış stadion çıxdı. Şəhərin mərkəzi küçələrinin birində belə bir xarabalığın olması təəccüblü idi. Düşündük ki, Kişinyov dünən gecə ağlımızın ucundan keçirdiyimiz kimi "yaman günlü" şəhərdir və yəqin ki, bizi burada hələ çox belə mənzərələrlə qarşılaşacağıq. Amma yox, irəlilədikcə qarşımıza bambaşqa bir şəhər çıxırdı. Diqqətimizi əvvəlcə küçələrdəki təmizlik, bir də yan-yana düzülmüş kiçik evlər çəkdi. Düzdür, bu küçələrdə gəzdikcə paytaxt ərazisində olduğumuzu düşünmək çətin idi. Əyalət "havası", əyalət gərkəmi var idi bu küçələrdə. O qədər sakitlik idi ki, deyərdin bu şəhərdə adam yaşamır. Bayaqdan ətrafı diqqətlə seyr edən Elşad marşrutu dəyişməyi təklif etdi:

- Bu Kişinyov ətrafında əntiqə göllər var. Adama bir tilov alaq və gedək balıq tutmağa...

Qətiyyətlə etiraz etdim və təklif etdim ki, balıq məsələsini sonrakı günlərə saxlayıb Kişinyovla daha yaxından tanış olaq. Həm də evvəlcədən planlaşdırmışdıq ki, axşam saatlarında diaspor təmsilçilərilə görüşək.

***

Kişinyov kilsələrinin sayı ilə fərqlənən şəhərdir. Burada az qala hər addım başı xristian ibadət məkanına rast gəlmək olar. Amma Osmanlının əsrlər boyu hökmranlıq etməsinə baxmayaraq bu şəhərdə nədənsə məscid yoxdur. Deyilənə görə, şəhərdən kənarda məscid formasında olmayan ibadət evi fəaliyyət göstərir. Lakin şəhərdə yaşayan müsəlmanlar əraziyə gedə bilmirlər. Dini bayramlarda isə məcburiyyət qarşısında qalaraq restoranlarda toplaşır və elə orada da bayram namazlarını qılırlar. Ümumiyyətlə, bu vəziyyət bütövlükdə Moldovanı əhatə edir. Düzdür, ölkədə dövlət tərəfindən tanınan İslam Liqası adında müsəlmanlar birliyi fəaliyyət göstərir. Lakin nəticə etibarı ilə bu ölkədə müsəlmanların ibadət etməsi üçün normal şərait yaradılmasına maraq göstərilmir. Görünür, dövlət siyasəti belədir...

***

Təxminən 700 min nəfər əhalisi və cəmi 121,7 kv.km ərazisi olan Kişinyovun dərinliyinə doğru irəlilədikcə qarşımıza yeni tikililər də çıxdı, dünəndən bəri gözə dəyməyən çoxmərtəbəli binalar da. Əsasən Sovetlər dönəmində tikilmiş binaların boy verdiyi şəhərdə müasir yaşayış və ticarət kompleksləri ilə qarşılaşmağımız olduqca xoş təsir bağışladı. Boz rəngdə gördüyümüz şəhərin "çöhrəsinə" yavaş-yavaş işıq düşürdü. Hipermarketin qarşısında dayanıb ətrafa göz gəzdirdik: sağda əyləncə məkanları, solda avropasayağı idarə və şirkət binaları, qarşıda lüks otellər, bir qədər də irəlidə restotan və kafelər... Metronu xəbər aldıq, dedilər yoxdur, heç vaxt da olmayıb. Ahıl bir Kişinyov sakini metronun olmamasını belə izah etdi: "Sovetlər dönəmində əhalisinin sayı 1 milyonu keçməyən şəhərlərdə metro tikintisi aparılmırdı. Bizim şəhər çox balacadır və yəqin ki, bundan sonra da burada metro olmayacaq". 

Metro barədə söhbətimizi yekunlaşdırmışdıq ki, Elşad əli ilə küçənin yuxarı istiqamətinə işarə edib: "Bax, gör gələn nədir? Tanış gəlirmi?" dedi. Əlbəttə, tanış gəldi, üstəlik nostalji hisslər də yaratdı. Trolleybusu necə tanımamaq olar? Bir vaxtlar biz də bu nəqliyyat vasitəsindən istifadə edərdik. Sonralar hansısa səbəddən bu əlverişli və ziyansız, qənaət rejimi üçün unikal nəqliyyat vasitəsinin izi Bakıdan silindi. Amma kişinyovlular daha çox trolleybusdan istifadə edirlər. Neçəsi yanımızdan şütüdü. Hamısının içində "mehribançılıq" idi...

***

Moldovada rəsmi dil rumın dilidir. Ölkə vətəndaşlarının cibində həm də Rumıniya pasportu var. Bayraqları da Rumıniya bayrağına oxşayır. Fərq yalnız ondadır ki, Moldova bayrağının üzərində dövlət gerbinin də əksi var. Əhalinin əksər hissəsi Rumıniya ilə "nəfəs alsa" da, bəziləri aşırı istiliyi qəbul edə bilmirlər və hesab edirlər ki, moldovalılar rumın kimi deyil, moldovan kimi qəbul olunmalıdırlar. Bu düşüncədə olanlar dövlət olaraq Moldovanın təəssübünü çəkir, ölkənin kiçik Rumıniyaya çevrilməsinə etiraz edirlər. Onların qəti mövqeyi belədir: "Rumıniyalılar bizə ikinci sort kimi baxırlar, ağız büzürlər, özlərindən aşağıda görürlər. Ona görə də biz öz dövlətimizi gücləndirməli, Rumıniyanın oyuncağı kimi görsənməkdənsə hamını Moldova ilə hesablaşdırmalı və ölkəmizlə, xalqımızla fəxr etməliyik".

Hə, yaddan çıxmamış onu da qeyd edək ki, Moldova vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız gedir və son illər bu ölkədən AB ərazisinə köçənlərin sırası sürətlə artır. Əhali ölkənin sürətli inkişaf yoluna qədəm qoyacağına inanır. Moldovanın səadətinin Avropada olduğunu düşünürlər.

***

Moldova aqrar ölkədir. Yazının əvvəlində də qeyd etmişdik ki, təyyarədən aşağı nəzərə salanda yaşıl və sarı rəngli sahələrin ucu-bucağı görünmür. Üzümçülük bu ölkədə əsas gəlir sahələrindən biridir. Şərab istehsalı sürətlə genişlənməkdədir və indi bu məhsul müxtəlif ticarət nişanları ilə Moldovanı dünya bazarlarında uğurla təmsil edir. Moldova şərabı Fransa, İspaniya, İtaliya kimi ölkələrdə istehsal olunan məsullarla rəqabətə girib. Ölkə bazarlarında ancaq yerli kənd təsərrüfatı məhsulları satılır - kartof, soğan, sarmısaq, çeşid-çeşid meyvələr, tərəvəz məhsulları və müxtəlif ağartı növləri - pendirdən tutmuş qaymağa qədər... Ən əsası isə bu məhsullar ekoloji təmizdirlər. Moldovalılar GMO yemirlər, torpaq o qədər bərəkətlidir ki, gilasları da alma boyda olur... Bu ölkənin adamları torpağa çox bağlıdırlar. Dövlət də torpaq adamlarına dəstəyini əsirgəmir. Yetər ki, işləmək, əkib-becərmək həvəsinə düşəsən, texniki məsələlərin həllini dövlət öz üzərinə götürür. 

Biz Moldova hökumətində yüksək vəzifələr tutmuş sabiq məmurlardan birinin yaratdığı təsərrüfatda da olduq. Konstantin Şapiro bizim oradakı hörmətli soydaşlarımızdan olan Feyruz İsayevin yaxın dostudur. Bu adam işdən çıxdığı gündən şəhərdən uzaq düşüb, əkin-biçin və qoyunçuluqla məşğul olur. Hektarlarla ərazidə soğan, kartof, qarğıdalı, sarmısaq əkir. Elə bir bağ salıb ki, əldə etdiyi məhsulu tenderlə satır.

Təsəvvür edin, öz bağının məhsullarını satmaq üçün tender elan edir və iş adamları bu prosesdə fəal iştirak edirlər. Bizim gəlişimizdən bir neçə gün əvvəl meşə təsiri bağışlayan bağındakı gilası tender yolu ilə satmışdı - kilosu 2 dollara. Özü də nə az, nə çox, 100 ton! 
Sabiq məmur dostumuz bizim gəlişimiz münasibətilə əntiqə süfrə açmışdı. İnanın, masanın üzərinə kənardan alınmış heç nə qoyulmamışdı. Nə var idisə hamısı təsərrüfatın bəhrəsi idi. Bu adam, pendiri də özü tutur, çaxırı da özü çəkir... Satdığı gilasdan bir boşqab gətirib: "Bundan heç yerdə yoxdur" dedi. Allah haqqı, biz bu ölçüdə gilası heç vaxt görməmişdik, heç vaxt yeməmişdik...

Hə, ərazidə süni göl də var idi. Amma Elşad peşəkar balıqçı olduğundan danbalarla arası yoxdur. Təbii göl axtarışında idi...

***

Əvvəlcədən nəzərdə tutduğumuz kimi, axşam saatlarında diaspor təmsilçilərimizlə görüşdük. Bizi olduqca isti qarşıladılar. Həm Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovla, həm də qurumun İdarə Heyətinin bir neçə üzvü ilə maraqlı söhbətimiz oldu. Müsahibələri yaxın günlərdə ayrıca təqdim edəcəyik. Hələliksə onu qeyd edə bilərik ki, Moldovada çox güclü diasporumuz var. Səfirliyimizlə sıx əlaqədə olan soydaşlarımız dövlətimizin maraqlarını layiqincə təmsil edir, Moldovanın ictimai və mədəni həyatında yaxından iştirak edirlər. Onu da orada öyrəndik ki, Moldovanın biznes mühitində azərbaycanlı fenomeninin məxsusi yeri var. Bizimkilər orada söz və nüfuz sahibidirlər. Onlarla söhbətlərimizi ayrıca dərc edəcəyik. 

***

Kişinyovda azərbaycanlı toyunda da olduq. Diaspor fəallarımızdan biri oğlunu evləndirirdi. Təsəvvür edin, meşənin içi, açıq hava və Azərbaycan musiqisi... Tamada da Bakıdan gəlmişdi. Yaxşı şeirlər deyirdi. Özümüzü Azərbaycandakı kimi hiss edirdik, bircə fərq onda idi ki, bəylə gəlin qonaqlarla eyni masada əyləşmişdilər. Bizdəki kimi masanın üzərində 18 cür salat, 5 cür soyuq, 5 cür isti yemək yox idi. Aşın üstündən dondurma da vermirdilər... Ağayana və səmimi bir məclis. Necə deyərlər, adam belə məclisdə içməmiş meyxoş olar... 

Ortada rəqs edənlərə tamaşa edərkən gözüm Elşadı axtardı. Ətrafa nəzər yetirdim, yox idi. Dostlardan soruşdum, "İndicə burada idi. Yəqin meşəni gəzir" dedilər. Ora Elşad, bura Elşad, nəhayət gedib gölün kənarında tapdım. Məni görən kimi:

- Tilov alsaydıq indi buradan elə balıqlar tutardım ki. Bəlkə soraqlaşaq, buralarda tilov olmamış olmaz. Belə bir göldən balıq tutmayıb getmək günahdır.

Elşadı çox çətinliklə fikrindən daşındırdım. Sabah mağazadan tilov alıb balığa vaxt ayıracağımızı razılaşdırıb qayıtdıq məclisə.

***

Səfərimizin ikinci günü diasporumuzun təşkilatçılığı ilə Kişinyovdakı Ermənistan səfirliyi qarşısında təşkil olunmuş etiraz aksiyasında iştirak etdik. Bu tədbir barədə mətbuata ətraflı məlumatlar vermişik, odur ki, yalnız bir neçə diqqətçəkən maqamın üzərində dayansaq yaxşı olar. Aksiya Moldova knyazlığının ən parlaq hökmdarı III Stefanın (Stefan Çel Mari) adını daşıyan parkda, onun abidəsinin önündən yürüşlə başlamalı idi. Yeri gəlmişkən, bu abidənin çox maraqlı tarixçəsi var. 1927-ci ildə ucaldılmış bu abidə 1940-cı ildə yerini dəyişib. Rumın generallarından birinin tələbilə III Stefanın heykəli Rumıniyanın Vasluy şəhərinə aparılıb və orada görkəmli bir yerə qoyulub. 1942-ci ildə heykəli yenidən Kişinyova qaytarıblar. İki ildən sonra "hökmdar" eyni qaqibəti yaşayıb - köçürüblər Rumıniyaya. Amma bu da son olmayıb.1945-ci ildə heykəli qaytarıb gətiriblər Kişinyova və o vaxtan "hökmdar" bir yerdə qərar tutub. 

Aksiya şəhər adminstrasiyası ilə razılaşdırıldığından yürüşçülərin təhlükəsizliyini Kişinyov polisi təmin edirdi. Erməni işğalçılarının qətlə yetirdiyi körpə Zəhranın fotolarını görən polislər aksiya iştirakçılarını sorğu-sual etməyə, məsələnin mahiyyətini öyrnməyə başladılar. Sağolsunlar, gənclərimiz ermənilərin törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verdilər... Şəhərin mərkəzi prospekti ilə hərəkət eləməyə başladıq. İştirakşılar, "Qarabağ", "Azərbaycan", "Ermənistanın işğalşılığına son", "Ermənistan terror dövlətidir" və sairə kimi şüarlar səsləndirirdilər. Nəhayət, gəlib çatdıq Ermənistan səfirliyinin qarşısına. Bayaqdan həyətdəki masa arxasında cəm olmuş ermənilərin qulağına, "Qarabağ", "Azərbaycan" sədaları dəyən kimi hamısı bir-bir qaçıb səfirliyə doluşdular. Yalnız həyətdəki it kirimədi. Aksiya başa çatana kimi hürdü...

***

Ertəsi gün Kişinyov yaxınlığındakı Krikovo qəsəbəsində olduq. Burada yerin altında(80-100 metr dərinliyində) möcüzəvi bir "şəhər" var. Turistlərin ən çox təşrif gətirdiyi yerdir bura. Yeraltı küçələrə Moldovada istehsal olunan şərab növlərinin adı verilib və bu küçələrdəki böyük çəlləklərdə həmin şərab növləri saxlanılır.
Təsəvvür edin, hər küçənin başında sizə oradakı çaxırın dadına baxmağı təklif edirlər. Beləcə bəxtəvər turist hər küçədə "50-50" vurur və nəticədə "gül" vəziyyətində şəhəri tərk edir. Amma azıb qalanlar, keflənib yolu səhv salanlar da olur...

Bu yeraltı şəhərdə rəsmi tədbirlər də keçirilir. Burada bir neçə dəfə müxtəlif sammitlər təşkil olunub. Dünyanın əksər siyasi liderləri Modovanın dövlət başçılarının dəvəti ilə burada qonaq olublar.
Küçələrin birində şəhərin qonağı olmuş dövlət və hökumət başçılarının, dünyaca məhşur siyasət və elm adamlarının, incəsənət nümayəndələrinin fotoları asılıb. Həmin bu xüsusi lövhədə bizim Prezidentin - cənab İlham Əliyevin də şəkli var.
Bizi müşayət edən "şəhər sakinləri" bildirdilər ki, Azərbaycan Prezidenti burada təşkil olunmuş rəsmi tədbirlərin birində iştirak edib.

***

Paytaxt Kişinyovda Azərbaycan diasporu Nizami adına park da saldırıb. Qarşısında dahi şairimiz Nizami Gəncəvinin büstü olan park şəhərin mərkəzi hissəsində yerləşir və bir azərbaycanlı kimi, Moldovada Nizami parkında gəzişmək, oranı ziyarət etmək qürurverici idi...

***

Növbəti gün səhər açılar-açılmaz qonşu otaqdan Elşadın səsi gəldi: "Nəhayət ki, bu gün balığa gedirik". Dərhal xatırlatma: "Eliş, deyəsən unutmusan, bu gün yazıçı-jurnalist İqor Volnitski ilə görüşümüz var. Bizi ofisində gözləyəcək". Beləcə daha bir günü balıqsız başa vurduq...(İ.Volnitski ilə müsahibəmizi ayrıca təqdim edəcəyik).

Həmin gün Türkiyənin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanı Türkiyə qədər sevən Hulusi Kılıçla da görüşümüz oldu. Bizi səfirlikdə qəbul edən qardaş ölkənin elçisi Azərbaycan üçün darıxdığını dedi. Maraqlı söhbətimiz oldu. Onu da yaxın günlərdə oxuyacaqsınız.

***

Kişinyovu gəzib-dolaşıb nəhayət gəlib çıxdıq öz səfirliyimizə. Dedilər ki, Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri cənab Qüdsi Osmanov Kişinyovda keçirilən beynəlxalq tədbirdə iştirak edir. Bir qədərdən sonra gələcəyini bildirdilər.
Bizi baş konsulumuz Lamiyə Həmzəyeva qəbul etdi. Xanım konsulumuzla xeyli söhbətləşdik. Səfirliyin fəaliyyətindən, vətəndaşlarımızın müraciət səviyyəsindən, onlara göstərilən xidmətlərdən söz açan konsul bildirdi ki, səfirlik azərbaycanlıların istənilən probleminə xüsusi həssaslıqla yanaşır və maksimum operativlik göstərməyə çalışır. Xanım Konsulun sözlərinə görə, soydaşlarımızla yanaşı Avropa ölklərinin vətəndaşları da səfirliyə müraciət edirlər. "Məsələn, Moldovaya gələn avropalı turistlər buradan Azərbaycana getmək üçün bizə müraciət edir və biz də qısa müddət ərzində onları viza ilə təmin edirik" deyə, konsul bildirdi.

Söhbətimizin sonunda bizə səfirin gəldiyini bildirdilər. Qüdsi Osmanov bizi öz iş otağında sanki Azərbaycandan doğma adamları gəlibmiş kimi qəbul etdi. Təəssüratlarımızı bölüşdük, Moldova haqqında fikirlərimizi açıqladıq, getdiyimiz yerlərdən, görüşdüyümüz insanlardan danışdıq və Ermənistan səfirliyi qarşısındakı aksiyadan söz açdıq. Bizi bayaqdan diqqətlə dinləyən cənab səfirə isti qarçşılanmaya görə təşəkkür edəndə bir kəlmə cavab verdi: "Bura hər bir azərbaycanlının evidir. Siz də burada qonaq deyilsiz. Özünüzü evinizdəki kimi hiss edin".
Q.Osmanova görüşdüyümüz əksər adamlardan müsahibə aldığımızı dedik və yekun olaraq onun müsahibə verməsini istədik. Cavabı belə oldu: "Gəldiz, gəzdiz, eşitdiz, gördüz. Məncə yazmaq üçün kifayət edər".

***

Kişinyovla tanış olarkən bir neçə mağazaya da baş çəkdik və bu dükanlardan birində maraqlı olay yaşadıq. Dükanda Azərbaycan dilində danışdıqca bizi mələk kimi bir gənc qız diqqətlə süzürdü, üzündə gizlətməyə çalışdığı bir təbəssüm də yaranırdı. Sən demə, diqqəti heç də səbəbsiz deyilmiş. Bu qıza “siz moldovalılar çox gözəl və gülərüzsünüz” şəklində kişik bir  d kompliment dedikdə, “azərbaycanlı qızlar da çox gözəldir” deyib, qımışdı... 

- Siz azərbaycanlı qızları harda görmüşünüz? Azərbaycanda olmusunuz?

- Mənim atam azərbaycanlıdır. Amma mən onu heç zaman görməmişəm. Mən dünyaya gəlməmiş o, anamı başsız qoyub Bakıya qayıdıb. 

- Atanızı tapaq, sizi görüşdürəkmi?

- Xeyr, qətiyyən lazım deyil. Artıq bunun mənası yoxdur. 20 ildir o, məni görmək istəməyibsə, qoy, hər şey elə bu cür də qalsın....

***

Nəhayət, 1 həftə sonra geri dönmək vaxtı gəlib çatdı. Elşad Kişinyovda balıq tuta bilmədi. Vaxt tapıb tez-tələsik mağazadan aldığımız tilovu isə saxladıq orda - "Gələn dəfə gələndə tutarıq" dedim. 
Səhər tezdən üz tutduq hava limanına. Qeydiyyat masasına yaxınlaşıb sənədlərlərimizi təqdim etdik. Hava limanının xanım əməkdaşı pasportumuza baxan kimi sevincək halda başını qaldırdı:

- Kişinyov xoşunuza gəldimi?

- Əlbəttə, gözəl təbiətiniz, mehriban insanlarınız var.

Xanımın üzü güldü:

- Onda niyə qayıdarsız? Bəlkə qalasız?

Üzümü Elşada çevirib soruşdum: 

- O lətifədə Mamed necə demişdi?

Elşadın cavabı özünü çox gözlətmədi:

- Elə belə edirsiz ki, Mamed kopolu geri qayıtmır də...

Nicat DAĞLAR 
Elşad MƏMMƏDLİ
Bakı-Kişinyov-Bakı
Baxılıb: 16994