Diqqət mərkəzi
Pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər
A
Pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər
11:51 19.06.2017
Son illərdə ölkəmizdə pərakəndə ticarət dövriyyəsinin həcmi artır. Bunu müvafiq dövlət qurumlarının rəsmi məlumatları da təsdiq edir. 

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,7 faiz üstələyərək 10,2 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 50,6 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4 faizini qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6 faiz və 2,7 faiz üstələyib. 

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsullarının, geyimlərin və ayaqqabıların, 6,4 faizi elektrik mallarının və mebellərin, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlərin, telekommunikasiya avadanlıqlarının və çap məhsullarının, 18,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. Bu ilin yanvar-aprel aylarında istehlak məhsullarının 11,4 faizi hüquqi şəxs statuslu müəssisələr, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 35,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 2,7 faiz, fərdi sahibkarlar üzrə 2,5 faiz artıb, bazar və yarmarkalar üzrə isə sabit qalıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,3 manatlıq qeyri-ərzaq məhsulları  alıb. 

Təbii ki, pərakəndə satış dövriyyəsinin həcminin ilbəil artırılması sevindirici hal olsa da, sözügedən sahədə çözülməsi gərəkən çoxsaylı problemlər uzun illərdir öz həllini gözləməkdədir. Həmin problemlər və onların həlli yolları barədə oxucularımıza ətraflı məlumat vermək istəyirik:
 
1. Əvvəllər banklar tərəfindən müəyyənləşdirilən faizlər yüksək olsa da, istehlak kreditlərinə axın çox idi və hətta sıravi vətəndaşlar sözügedən kreditlərlə ticarət şəbəkələrindən, satış mərkəzlərindən  mallar alırdılar. Ancaq 2014-cü ildən etibarən istehlak kreditlərinə qadağalar qoyulub və həmin qadağalar hələ də sıravi vətəndaşlalarla yanaşı kiçik və orta biznesə də mənfi təsirini göstərməkdədir. Belə ki, son illərdə əksər ticarət obyektləri müştərilərin qeyri-ərzaq mallarını yalnız iş yerindən arayış və şəxsiyyət vəsiqəsi təqdim etməklə kreditə götürə biləcəklərini bəyan etsələr də, həmin satış mərkəzlərinə üz tutan alıcıların sayında azalma müşahidə edilir. İstehlak kreditlərinə qoyulan qadağa üzündən müştərilərin sayı azaldığından satış xeyli zəifləyib və bəzi ticarət obyektləri müflisləşməyə başlayıblar. Acınacaqlı hallardan biri də budur ki, sözügedən problem bölgələrdə daha kütləvi hal almaqdadır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, pərakəndə ticarətin 80, topdansatışın isə təxminən 87 faizi Bakıda aparılır. Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində bu göstəricilər 1,5 faiz ətrafındadır. Təbii ki, istehlak kreditlərinə qoyulan qadağanın ləğvi qeyri-mümkün olduğundan ticarət şəbəkələrinin və satış mərkəzlərinin müflisləşməsinin qarşısının alınması, müştəri qıtlığının aradan qaldırılması və alıcı potensialının formalaşdırılması üçün alternativ variantlardan istifadə etmək vacibdir. Bunun üçün müxtəlif stimullaşdırıcı kampaniyaların aparılması zəruridir. Məsələn, məhsulların və malların qiymətlərinin bayramlar ərəfəsində ucuzlaşdırılması, daha çox məhsul və mal alan müştəriyə xüsusi mükafatların və hədiyyələrin verilməsi və sair tədbirlər həm satış mərkəzlərinə yeni alıcılar qazandırar, həm ticarət obyektləri müflisləşməkdən qurtular, həm də pərakəndə ticarət dövriyyəsinin həcmi artar.

2. Təkcə Bakıda və respublikanın digər şəhərlərində deyil, hətta rayonlarda, xüsusilə də kəndlərdə yaşayan əhalinin məyyən təbəqəsini təşkil edən aztəminatlı ailələrin, işsizlərin və yoxsulların maddi durumları xeyli aşağı səviyyədədir. Sözügedən şəxslər pərakəndə və topdansatış mərkəzlərindən yalnız cüzi məbləğdə alış edirlər. Bu da pərakəndə ticarət dövriyyəsinin həcminin artmasına öz mənfi təsirini göstərir. Ona görə də həmin insanlar üçün də müxtəlif kampaniyaların, məsələn, endirim kampaniyalarının aparılması lazımdır. Ancaq bu prosesdə dövlət də maraqlı olmalı, endirim kampaniyası keçirən ticarət obyektlərinə vergi güzəştlərinin tətbiqi və digər formada kompensasiyaların ödənilməsi vacibdir. Əks halda satış mərkəzləri endirim kampaniyalarının keçirilməsində maraqlı olmaz.

3. Xatırladaq ki, əvvəllər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, həmçinin digər müvafiq dövlət orqanları ərzaq məhsullarının keyfiyyəti ilə bağlı yoxlamalar aparsalar da, ciddi nöqsanlara yol verən istehsalçılar və ticarət obyektləri cəzalandırılsalar da, sonradan yoxlamaların aparılması dayandırıldı. Ona görə də pərakəndə ticarət sahəsində yaşanan problemlərdən biri də keyfiyyətlə və standartların tələblərinin pozulması ilə əlaqədardır. Təəssüf ki, son illərdə əksər satış mərkəzlərində keyfiyyət amilinə bir o qədər əhəmiyyət verilmir. Belə ki, bəzi pərakəndə ticarət obyektlərində temperatur rejimi və saxlama şəraitinin pozulması nəricəsində bəzi məhsullar öz keyfiyyətlərini itirərək istirfadəyə yararsız hala düşürlər. Məsələn, «OBA 3 mikrorayon 2» satış mağazasında pendirlər, sosiskalar, kolbasalar, sərinləşdirici içkilər və digər məhsullar soyuducularda deyil, açıq şəraitdə «piştaxta»ların üzərinə düzülüb və yeşiklərə qoyulub. Hətta temperatur rejimi və saxlama şəraiti kobud şəkildə pozulduğundan suyu çəkilmiş pendirlərdən bəzilərində qaralma müşahidə olunur. Kolbasa və sosiskalardan bəzilərindən isə kəskin qoxu gəlir. Bəzi satış mərkəzlərində keyfiyyətsiz məhsulların satışa çıxarılmasının digər bir səbəbi də var. Belə ki, bəzi pərakəndə ticarət obyektləri istifadəyə yararsız hala düşmüş, yararlılıq müddəti bitmiş, temperatur rejimi və saxlama şəraitinin pozulması nəricəsində keyfiyyətini itirmiş məhsulları satışdan çıxararaq malgöndərən təşkilatlara geri qaytarırlar. Sözügedən obyektlər malları və məhsulları malgöndərənlərə geri qaytararaq onların dəyərinin əvəzləşdirilməsini, yaxud, istifadəyə yararsız malların əvəzinə yararlı malların göndərilməsini istəyirlər. Təbii ki, belə bir vəziyyət malgöndərən tərəfə iqtisadi baxımdan sərf etmir. Ona görə də  malgöndərənlər tərəfindən zay olmuş məhsulların və malların istehsal tarixi, yararlılıq müdddəti dəyişdirilərək, bəzən, hətta dəyişdirilməyərək, yenidən etiketlənərək təkrar pərakəndə ticarətə qayıtması ilə nəticələnir. Həm sadaldığım amillər, həm də son zamanlar süni ətlərin və onlardan sosiskaların və kolbasaların hazırlanması ilə bağlı yayılan videogörüntülər və məlumatlar pərakəndə ticarət şəbəkələrində satışa çıxarılan məhsulların keyfiyyətli olması barədə müştərilərdə şübhə oyadıb. Bu da pərakəndə ticarətin dövriyyəsinin həcminin daha da çoxalmasına ciddi əngəl törədir. Ona görə də bu məsələ də dövlətin ciddi nəzarəti altında saxlanılmalı, ticarət mərkəzlərində reydlər keçirilməklə temperatur və saxlama müntəzəm nəzarətə götürülməli, keyfiyyətsiz məhsulların dövriyyədən çıxarılması və məhv edilməsi, məsələn, yandırılması üçün ayrı-ayrı dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi komissiya yaradılmalıdır. 

4. Əhalidə yetərli sayda plastik kartların və ölkənin bütün ərazilərində satış obyektlərində post-terminalların olmaması da pərakəndə ticarət dövriyyəsinə mənfi təsirini  göstərir. Belə ki, sözügedən kartların və post-terminalların azlığı ucbatından pərakəndə satış mərkəzlərində qiymət siyasətinin düzgün həyata keçirilməsi, qiymətlərin tənzimlənməsi, gəlirlərin və xərclərin şəffaf şəkildə hesablanması, qanunsuz satışın qarşısının alınması çətin bir prosesə çevrilir. Ona görə də dövlət tərəfindən ticarət obyektlərində post-terminalların quraşdırılması, satılan məhsullara və mallara görə çeklərn verilməsinin təmin edilməsi, vətəndaşlarda plastik kartlara marağın oyadılması üçün lazımi tədbirlərin həyata keçirilməsi gərəkdir. 

5. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həmişə bəyan edir ki, qiymətləri süni yolla artıran sahibkarlara qarşı yoxlamalar aparır. Xüsusilə də son illərdə manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilir. Lakin buna baxmayaraq, ilin bütün fəsillərində satış mərkəzlərində süni qiymət artımlarına rast gəlir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə ölkədə pərakəndə ticarət dövriyyəsi (ƏDV və aksizlər daxil olmaqla) 921 milyon manat olub. Əvvəlki illə müqayisədə əhali ticarət əməliyyatlarına 34,4 faiz daha çox xərcləyib. Bunun əhəmiyyətli hissəsi qiymətlərin qalxması hesabına baş verib. Başqa sözlə, vətəndaşlar eyni mala daha çox pul ödəməli olublar. 

Unutmaq lazım deyil ki, Azərbaycan dollardan mütəmadi olaraq istifadə edən məkanda yerləşir və bu valyutaya tələbat yüksəkdir. Üstəlik, bəzi ərzaq məhsulları və qeyri-ərzaq malları üzrə daxili istehsalın azlığı, yaxud yoxluğu idxaldan asılılığımızı hələ də qoruyub-saxlamaqdadır. Çünki manatın məzənnəsi dollara nisbətən enməsi xaricdən gətirilən mallara təsirsiz ötüşmür. Ona görə də valyuta məzənnəsinin dəyişkən vəziyyətindən sui-istifadə edən  ticarət obyektləri eyni mallar və məhsullar üzrə fərqli qiymətlər müəyyənləşdirirlər. Bu cür süni qiymət artımı isə müştərilərin satış mərkəzlərinə kütləvi axınını zəiflədir. Ona görə də ölkəmizə xaricdən gətirilən malların qiymətlərinin artırılmasının qarşısının alınması üçün dövlət tərəfindən ciddi addımlar atılmalıdır. Məsələn, yerli məhsullar kütləvi şəkildə bazara çıxarılmalı və bazarda qiymət artımının qarşısı alınmalıdır. Yəni yerli məhsulu artırmaq və bazara daxil etmək yolu ilə xarici malların alıcılıq qabiliyyətini azaltmaq olar. Bu vaxt da məcbur olaraq bizneslə məşğul olan şəxslər qiymətləri aşağı salacaqlar. Eyni zamanda Azərbaycana gətirilən məhsulların ucuz qiymətlə satışına nəzarət edilməlidir. Satış mərkəzlərində reydlər keçirilməli və düzgün qiymətləndirmə prinsipləri ortaya qoyulmalıdır. 

Əgər yuxarıda sadaladığımız təkliflər gerçəkləşərsə, qarşıdakı illərdə vətəndaşların ticarət mərkəzlərinə kütləvi axın edəcəyini, pərakəndə ticarət dövriyyəsinin həcminin əvvəlki illərlə müqayisədə daha da artacağını indidən proqnozlaşdıra bilərik. 

Elvin Məmmədov

Azərbaycan Mətbuat Şurası və «Veysəloğlu» Şirkətlər Qrupunun «İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər» mövzusundakı müsabiqəsinə təqdim olunur 

Baxılıb: 2802