Diqqət mərkəzi
"Azərsun"un əti - didilmək üçün deyil, yeyilmək üçündür - Konserv Zavodundan reportaj
A
13:38 14.06.2017
Azərbaycanda heç kəsdən ət qəbul etməyən müəssisə barədə yalanın üstü açıldı - Ağlımıza gələnlər başımıza da gəldi!

"Azərsun Holdinq" ailəsinə daxil olan müssisələrin əksəriyyətində olsaq da "Qafqaz" Konserv Zavoduna gedib çıxa bilməmişdik. Nəhayət ki, bu müəssisə ilə də tanış olmaq imkanımız yarandı. 

Əslində həmişə belə olur, ilk dəfə getdiyin yer haqqında əvvəlcədən müəyyən təsəvvürlər yaratmağa çalışırsan. Gözünün önündə fərqli-fərqli mənəzərlər canlanır... Bəzən olur ki, düşündüklərin bircə-bircə qarşına çıxır. Təsəvvürlərində nə var idisə, getdiyin yerdə hamısı ilə qarşılaşırsan. Bəzən isə tamam fərqli və ağlına gətirmədiyin şərait çıxır qarşına...  Biz "Qafqaz" Konserv Zavodunda birinci halı yaşadıq: Ağlımıza gələnlər başımıza da gəldi!  Əlbəttə, Bakıdan Xaçmaza qədər uzanan yol boyu gözümüzdə ancaq "Azərsun" fəlsəfəsinə, mədəniyyətinə, keyfiyyətinə və dəmir nizam-intizam qaydalarına cavab verən mükəmməl bir sistem canlanırdı və biz bunu öz gözlərimizlə gördük. 

***

"Qafqaz" Konserv Zavodu "Azərsun"un konservləşdirilmiş məhsullar istehsal edən ilk müəssisəsidir. 2003-cü ildən fəaliyyətə başlayan zavodun xeyir-duasını o zaman Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışan cənab Prezident İlham Əliyev verib. Zavodun illik istehsal gücü 30 000 tondan çoxdur. Burada tomat pastası, ət konservi, yaşıl noxud, mürəbbə, kompot, hazır yeməklər və sair məhsullar istehsal edilir.  Müəssisədə daimi olaraq 350-dən artıq işçi çalışır. Amma mövsümə uyğun olaraq işçilərin sayı 500-ə də çata bilir. Zavod 08/11/2005-ci tarixindən etibarən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarəetmə Sistem Sertifikatına sahibdir. Bu gün “Qafqaz" Konserv Zavodu 135 çeşiddə məhsulları ilə Azərbaycanın konservləşdirilmiş  mallara olan  ehtiyacının əsas hissəsini  təmin edir.  

***

Avtobusumuz zavodun ərazisinə daxil olanda rəhbər heyət artıq həyətdə dayanmışdı. Jurnalistlər avtobusdan düşər-düşməz zavodun direktoru Rüstəm Rüstəmovu və "Azərsun Holdinq"in Biznesin İnkişafına Dəstək və İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Afiq Səfərovu sual atəşinə tutdular. Əsas diqqət yetirilən məsələ isə təbii ki, bir neçə gün əvvəl Xaçmaz ərazisində qeydə alınmış hadisə oldu. Bəli, müsadirə olnunmuş mənşəyi məlum olmayan ət və avtomobil sürücüsünün malı guya "Qafqaz" Konserv Zavoduna apardığını deməsi barədə məlumatlardan gedir söhbət. Deyilənlərdən  məlum oldu ki,  "Qafqaz" Konserv Zavodu Azərbaycanda keç kimdən və heç bir təsərrüfatdan ət qəbul etmir və tərcübədə belə bir nümunə ümumiyyətlə yoxdur.  Deməli, avtomobilində mənşəyi məlum olmayan ət aşkar olunmuş vətəndaş yalan danışıb və görünür müvafiq dövlət qurumunun əməkdaşlarının əlindən yaxa qurtarmaq üçün "Qafqaz" Konserv Zavodunun adı ilə "sığortalanmağa" çalışıb. Düşünüb ki, ən yüksək standartlarla işləyən zavodun adını çəkərsə, onu sərbəst buraxarlar. Əmin olub ki, nəzarət funksiyası yerinə yetirən əlaqədar dövlət qurumları "Qafqaz" Konserv Zavodunun məhsullarının yüksək keyfiyyətinə şübhə etmirlər.
Direktor R.Rüstəmovun sözlərinə görə, "Qafqaz" Konserv Zavodu əti Ukraynadan alır. Müsəlman iş adamlarının bu ölkədə yaratdığı təsərrüfatların "Qafqaz" Konserv Zavodu ilə müqavilələri var və müəssisəyə xüsusi qablaşdırmada daxil olan ətin beynəlxalq halal sertifikatı olur. Jurnalistlər həmin sənədlərlə də əyani şəkildə tanış oldular. 

***

Zavodda dezinfeksiya qaydalarına maksimum şəkildə əməl olunur. Biz istehsal sahələrinə daxil olarkən bir neçə mərhələli dezinfeksiya prosedurundan keçdik. Zavodun əməkdaşları hər gün bir neçə dəfə bu prosedurdan keçməli olurlar. Hansısa səbəbdən istehsal sahəsini tərk edən olarsa, həmin əməkdaş sahəyə daxil olmaq üçün yenidən dezinfeksiya mərhələsindən keçməlidir. 

Zavodun ən müasir avadanlıqlarla təhciz olunmuş laboratoriyası var.  Zavoda daxil olan bütün mal növlərindən götürülən nümunələr ciddi mikrobioloji yoxlamalardan keçirilir və nəticələrə uyğun olaraq rəy verilir.  Burada heyvanın yeddi arxdan dönəninin də hansı xəstəlik daşıyıcısı olduğunu müəyyən edə bilərlər. Avtomobilində mənşəyi məlum olmayan ət aşkar olnmuş vətəndaş malı "Qafqaz" Konserv Zavoduna təhvil vermək istəyi ilə yola çıxmışdısa da belə, o, heç bir halda istəyinə çata bilməzdi. Zavodun həkimləri və laboratoriyanın əməkdaşları həmin ətin keyfiyyətini dəqiqliklə təyin edəcəkdilər. 

***

Zavodda olduqca mükəmməl iş şəraiti hökm sürür.  Burada ən son standartlara cavan verən avadanlıqlar və istehsal mexanizmi qurulub. Mövsümə uyğun olaraq hazırda əsasən mürəbbə və kompot ishehsalına üstünlük verilir. Meyvə sarıdan qətiyyən korluq çəkilmir. Meyvə-tərəvəz məhsullarının çox hissəsi yerli əhalidən alınır. Sakinlər özlərinin torpaq sahələrində becərdikləri meyvə-tərəvəz  məhsullarını vaxtında zavoda təhvil verərək zəhmətlərinin qarşılığını alırlar. Biz zavodda olarkən bu prossin şahidi olduq. Xaçmaz sakini zavoda gilas təhvil verirdi. Satıcıdan məhsulunu zavoda hansı qiymətə satdığını soruşduq.  Məlum oldu ki, əldə olunmuş razılığa əsasən zavod gilası 1 manat 50 qəpikdən qabul edir: "Bu bizə çox əl verir. Malımızı aparıb şəhərdə satmaqdansa elə burada zavoda həmin qiymətə satırıq" - deyə, Xaçmaz sakini bildirdi.   

***

İndi keçək ət konservlərinə.  Hazırda bu məhsulun istehsalı mövsümün tələbatına görə azaldılıb. Amma proses gedir və biz ət konservlərinin hansı qaydada hazırlandığını kifayət qədər açıq şəkildə müşahidə etdik. Gigiyenik qaydalara olduqca ciddi şəkildə əməl olunaraq həyata keçirilən bu prosesi izlədikcə mətbuatda bəzi həmkarlarımızın "görmədən, bilmədən" yazdığı və daha çox süni "həyəcan siqnalı" xarakterində olan xəbərlərə görə təəssüfləndik...  Çünki yazılanlarla gördüklərimiz arasındakı fərq ölçüyəgəlməzdir. Təsəvvür edin: bu zavodda tamamən steril normalara uyğun şəkildə bişirilən və qablaşdırılan ət konservlərinin tərkibinə heç süni maddələr də qatılmır. Ümumiyyətlə, "Qafqaz" Konserv Zavodunun istehsal etdiyi digər məhsullar da təbii yolla ərsəyə gətirilir və hər hansı əlavə qatqılarla "zənginləşdirilmir". Burada bütün əməliyyatlar  İSO-9001:2000 standartlarına uyğun aparılır. 

***

Zavodun demək olar ki, bütün sexlərində olduq. Hamısında eyni şərait, eyni təmizlik və eyni intizam... Soyuducu anbarlarındakı malların saxlanma şəraitilə də tanış olandan sonra bizdə əminlik yarandı ki, "Azərsun"un söykəndiyi fəlsəfədə doğrudan da harama yer yoxdur. Afiq Səfərovun dediklərinə şübhə etməyə bilərsiniz: " Biz öz süfrəmizdə yemədiyimiz məhsulu istehlakçımıza təklif etmirik".

AZƏRFAKS
Bakı-Xaçmaz-Bakı
Baxılıb: 5106