Diqqət mərkəzi
Mirvari Fətəliyeva: "Diaspor təşkilatlarımızın çox hissəsi qeyri-peşəkar şəkildə fəaliyyət göstərir"
A
Mirvari Fətəliyeva:
20:40 06.06.2017
"Faransada ermənilərin güclü diasporundan daha cox, düzgün qurulmuş sistemləri var.  Onlar say etibarilə çoxluq təşkil edən, zaman baxımından da əsrlər boyu burada məskunlaşan bir icmadır. Bu icma cəmiyyətə tam inteqrasiya olub və müəyyən təbəqələrdə yer tutublar. Hər hansı bir qurumda erməni çalışırsa və ətrafinda onu sevən və hörmət edən fransızlar varsa, təbii ki “bu gün” gələn icmanın, yəni bizim sözümüzü deyil, artıq əlaqədə olduğu, tanıdığı və dostluq etdiyi icmanın sözünə inanacaq. Fransada fəaliyyət göstərən erməni təşkilatları fəaldırlar. Həyata kecirdiyimiz hər hansı bir tədbirə mane olmağa çalışsalar da, buna həmişə nail ola bilmirlər". 

AZƏRFAKS xəbər verir ki, bunu Paris-Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Diaspor.az saytlna verdiyi müsahibədə deyib. "Azərbaycan diasporu ermənilərin təxribatçı fəaliyyətlərinə anında cavab verə bilirmi" sualını cavablandıran M.Fətəliyeva qeyd edib ki, beynəlxalq aləmin işğalçı kimi tanıdığı bir ölkənin numayəndələri illər boyu Fransa səhnəsində tək monoloq söyləyib və fransız ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi haqqında yalnış informasiya, tarixi saxtalaşdırılmış məlumatlar verməklə məşğul olublar: "Lakin indi biz diaspor olaraq artıq onların təşkil etdiyi tədbirlərə qatılır və cəfəngiyyat dolu çıxışlarına qarşı çıxa bilirik. Azərbaycan gənc bir dövlət olduğu kimi, diasporu da gəncdir. Güclü diasporun formalaşması ücün zaman, təcrübə və ən əsası isə, düzgün qurulmuş strategiya, eləcə də cəmiyyəti yaxşı bilən, mənimsəyən, inteqrasiya edən həmyerlilərimizin fəallıq göstərməsi lazımdır. Amma təəssüf ki, burada yaşayan azərbaycanlı ailələrin muhüm bir hissəsi inteqrasiya prosesində fəal iştirak edə bilmir. Müəyyən yaşdan sonra burada məskunlaşan ailələr daha cox turkdilli və rusdilli icmalar ilə əlaqə saxlayır və o mühitdə özlərini təbii ki, daha sərbəst hiss edirlər. Bu da inteqrasiya prosesinin inkişafına mane olur. Gənc nəsil yavaş-yavaş bu prosesdə iştirak etməyə başlayır, burada böyüyən, dili sərbəst danışan gənc nəsil üçün isə inteqrasiya daha sürətlə gedir. Hətta bəzən assimilyasiya ola bilir". 

M.Fətəliyevanın sözlərinə görə, Avropada fəaliyyət gostərən diaspor təşkilatlarının çox hissəsi həvəskar və qeyri-peşəkar şəkildə fəaliyyət göstərir: "Bu səbəbdən də ermənilərin hücumlarına anında cavab vermək imkanlarımız azalır". 

M.Fətəliyeva onların fəaliyyətini dəstəkləyən qurumlara təşəkkürünü də bildirib: "Heydər Əliyev Fonduna, Diasporla iş üzrə Dövlət Komitəsinə, Mədəniyyət və Turizm Nazirliyinə və fəaliyyətimizin ilk günündən bizə diqqət göstərən və milli diaspun inkişafina dəstək olan ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyova dərin təşəkkürümü bildirirəm".

Baxılıb: 2505
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: