Hadisə
Bakının mərkəzində brend mağaza qarət olundu
A
Bakının mərkəzində brend mağaza qarət olundu
10:14 08.02.2016
Bakının mərkəzində mağaza qarət olunub. 

Hadisə Neftçilər prospektində yerləşən brend geyimlərin satıldığı mağazada baş verib. 

Oğurluğu səhər işə gələn işçilər görüblər. Məlumata görə, içəri keçən satıcılar obyektin dağınıq olduğunun şahidi olublar. Dərhal bu barədə polisə məlumat verilib. Obyektdə aparılan yoxlamalar zamanı oradan 2200 manat nağd pul və 4700 manatlıq geyim əşyalarının yoxa çıxdığı məlum olub. 

Ehtimal olunur ki, mağaza gecə saatlarında qarət olunub. Obyektə isə arxa qapıdan soxulublar. İlkin məlumata görə, oğurluq açarseçmə yolu ilə törədilib. 

Faktla bağlı Səbail polisi araşdırma aparır. Cinayəti törədən şəxslərin tutulması istiqamətində əməliyyat qrupu da yaradılıb.

Daha bir mağazada isə yanğın baş verib. Fövqalədə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan ikimərtəbəli mağazanın birinci mərtəbəsində baş verib. Birinci mərtəbədəki sex, orada olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ANS
Baxılıb: 6152