Kitab
Niyaz Niftiyevin kitabı haqqında düşüncələr - Gərgin əmək, tuturalı faktlar...
A
Niyaz Niftiyevin kitabı haqqında düşüncələr - Gərgin əmək, tuturalı faktlar...
21:07 09.07.2015
 “Hər sözü bir ulduz, 
   Bir  şəffaf almaz,
   Mənalar dünyası
   Qaranlıq deyil, 
   Bu böyük kitablar
   Yaranır az-az, 
   Çünki ömürlükdür,
   Bir anlıq deyil”

Dahi Azərbaycan şairi, söz səltənətinin sultanı sayılan  Səməd Vurğunun yüksək məntiqə söykənən  bu sətirləri ilə  qarşımdakı kitab haqqında  yazmağa başlamağım heç də təsadüfi deyildir. Demokratiya  və söz azadlığının verdiyi imkanlardan maksimum dərəcədə bəhrələnən yazarlarımızın ərsəyə gətirdikləri kitabların hamısı  haqqında şübhəsiz bu qənaətə gəlmək mümkünsüzdür. Kitab onda öz müəllifinə şərəf qazandırır ki, onun tərkibi mənalı və məzmunlu olsun. O ki qaldı  tədqiqat əsərlərinə, belə kitablarda faktlar və təqdim olunan hadisələr dərindən öyrənilməli, əvvəlcə müəllifin özü tərəfindən həzm olunmalı, sonra da geniş oxucu auditoriyasının müzakirəsinə təqdim olunmalıdır. Ümumiyyətlə, istər bədii, istərsə də elmi əsərlər o vaxt insan qəlbinə hakim kəsilir ki, onlar sağlam düşüncənin məhsulu olsunlar, necə deyərlər, mənəvi qida mənbəyinə çevrilsinlər. 

Sevindirici haldır ki, ölkəmiz müstəqillik qazandıqdan sonra  böyük zəhmət, əzmkarlıq tələb edən, yaşadığımız və yaşamağa məkum olduğumuz tarixi hadisələri  özündə əks etdirən, dərindən təhlil edən qiymətli kitablar  mütəmadi olaraq ərsəyə gəlir və belə kitabları biz daim oxumalı, öyrənməli, gələcək nəsillərə təlqin etməliyik.  Çünki məhz bu sanballı toplumlar qədim və gerçək tariximizi, mədəniyyətimizi kompleks şəkildə  gələcəyə çatdırmaq üçün  rupor rolunu oynayır.   Akademik Ziya Bünyadovun, akademik Ramiz Mehdiyevin, akademik Ziyad Səmədzadənin, tarix elmləri doktoru Əli Həsənovun, tarix elmləri doktoru Yaqub Mahmudovun, akademik Abel Məhərrəmovun müstəqillik tariximizi və ona qədər olan  şərəfli yolumuzu əks etdirən sanballı kitablarını buna misal göstərmək olar.  

...Kitab yalnız məzmun çəkisinə görə ağır və yaxud yüngül ola bilər. Vərəqlərə yüklənən dolğun fikirlər kitabı sanballı edərək oxucunu öz təsiri altına sala bilər. Belə kitablardan biri də masamın üstündədir. Bu kitabla tanış olmazdan  əvvəl  qəribə hisslər mənə hakim kəsilir. Çox maraqlı və diqqətçəkən adı da var: “ Azərbaycanda birgəyaşayış və multikulturalizm.”  Hələ üz qabığını çevirmədən  mövzu mənə olduqca doğma olduğundan, eyni zamanda, müəllif  çox ciddi bir məsələyə girişdiyindən məmnun qaldım. Düşündüm ki, görəsən bildiyim və  yaddaşımı bir daha  möhkəmləndirməyə  qadir olacaq tarixi  təsvirlər bu kitabda əks olunubmu?! Açığını deyim ki, əks olunmuşdu, özü də  mənim gözlədiyimdən də bir az  artıq. Bəlkə də müəlliflə eyni bölgədən – cənub  bölgəsindən  olmağımız düşüncələrimizə eyni ahəng, eyni rəng qatmşdı. Bu, mümkündür, çünki doğulub boya-başa çatdığımız Cəlilabad rayonu qonşu Astara, Lerik və Masallı rayonlarında  uzun illər  dostluq və qardaşlıq şəraitində yaşan  Talış xalqı ilə çox da uzaq olmayan bir tarixi dönəmdə  separatçı qüvvələrin  hədəfinə tuş gəldi. Özünün adət- ənənələrini, dilini qorumaqla birgəyaşayış qanunlarına ciddi əməl edən Talış xalqı  milli azlıqlar və etnik qruplar arasında Azərbaycançılıq ideologiyasına kifayət qədər sadiq  olduğu halda   30-dan artıq  etnik qrupları özündə birləşdirən  monolit dövlətimizi  gözü götürməyənlərin fitvası  və maliyyə dəstəyi  ilə  Əlikram Hümmətov və Hilal Məmmədov kimi naqislər, nadürüstlər növbəti dəfə parçalanmağa cəhd göstərdilər. Bu elə bir zaman idi  ki, cəbhəboyu bütöv Azərbaycanın taleyi həll olunurdu. Milli Ordumuzun  və könüllülər batalyonlarımızın  tərkibini təşkil edən  çoxmillətli döyüşçülərimiz   vahid amal uğrunda  vuruşur, şəhid olurdular. 

Bu tipli cəhdlər  ölkəmizin şimal bölgəsində də baş verdi. “Sadval” terrorçu və təxribatçı dəstəsində birləşən quldurlar elə Azərbaycançılıq ideologiyasına sadiq qalan ləzgi xalqının  igid, mərd oğulları tərəfindən  də məhv olundular.
Bəlkə də Azərbaycan dünya miqyasında  milli azlıqların və etnik qrupların  ən çox və ən rahat yaşadıqları bir məkandır. Çünki onların həyat və fəaliyyəti  dövlətimizin sivil qanunları ilə tənzimlənir. Kitabın əsas qayəsi bax,  budur .

Müəllifin xoş təsir bağışlayan cəhətlərindən biri də odur ki, o, bu kitabı ərsəyə gətirməzdən öncə Azərbaycan ərazisində yaşayan milli azlıqların  həyatı, məişəti, dili, dini, başqa fəaliyyətləri barədə ətraflı öyrənib və onların  istər siyasətdə, istərsə də iqtisadiyyat sahəsində qazandığımız uğurlarda  rolunu birgəyaşayış konteksində təqdim edib.       

Bəli, artıq yumruğa çevrilmiş Azərbaycan xalqı tərkibində olan milli azlıqların və etnik qrupların sıx birliyi, monolitliyi nəticəsində bu gün böyük layihələrə imza atır, idman, mədəniyyət, incəsənət və başqa sahələrdə əlçatmaz zirvələri fəth edir.

Müəllifin- Azadinform İnformasiya Agentliyinin baş redaktoru, əziz dostum Niyaz Niftiyevin bu dəyərli kitabı heç şübhəsiz ki, gərgin əməyin nəticəsidir. O, yüz əllidən artıq ədəbiyyatda  milli azlıqları və etnik qrupları təmsil edən xalqların hər biri haqqında  kitab və jurnallarda, mətbu orqanlarda tarixçi alimlərimizin, ədəbiyyatşünaslarımızın  və etnoqraflarımızın  təqdim etdikləri  danılmaz, tutarlı faktları toplayaraq öz yaradıcılıq süzgəcindən keçirməklə oxuculara təqdim edib.
Yuxarı sinif şagirdləri üçün, tələbələr üçün, ən azı tariximizi  öyrənmək arzusunda  olan  hər bir Azərbaycanlı üçün bu kitab oxunmalı, öyrənilməlidir.

İngilis filosofu S.Smaylsın dəyərli kitablar  haqqında söylədiyi  tarixi bir fikirlə qələm dostumun geniş oxucu auditoriyasına təqdim etdiyi kitab haqqında düşüncələrimi  sona yetirirəm: “ Kitab ölməzlik qüdrətinə malikdir. O, insan təfəkkürünün ən uzunömürlü məhsuludur”.

                                                                         
Valeh MİRZƏ,
şair, publisist   

Baxılıb: 8035