İqtisadiyyat
Gəncə Avtomobil Zavodundan daha iki yenilik - Elektrobus və Kombayn
A
Gəncə Avtomobil Zavodundan daha iki yenilik - Elektrobus və Kombayn
10:27 15.05.2019
Gəncə avtomobil zavodu İB-də yeni yığım xəttinin  açılış mərasimi təşkil olunub. Azərbaycanda ilk dəfə olaraq konveyerdən “PALESSE KZS-575” markalı taxılyığan kombayn və E-321 markalı elektrobus çıxıb. 

Tədbirdə Belarusun baş nazirinin müavini  Iqor Vasiliyeviç Lyaşenko, Belarusun Sənaye Nazirinin müavini Dmitri Aleksandroviç Kovçik, “Qomselmaş” ASC-nın baş direktoru Aleksandr Aleksandroviç Novikov, Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Millət vəkili Xanlar Fətiyev, Gəncə avtomobil zavodu İB-nin direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak ediblər. Qonaqlar taxılyığan kombaynın yığım xətti və zavodla taniş olublar. 

Sonra tədbiri giriş sözü ilə Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Millət vəkili Xanlar Fətiyev açaraq qonaqları salamlayıb və bildirib ki, bu gün müəssisənin həyatında çox əlamətdar bir gündür:

“Biz ilk dəfə traktorları yığmağa başlayanda çoxları buna inanmir və rişxəndlə yanaşırdılar. Amma bu gün Gəncə avtomobil zavodunda yığım xəttindən ilk taxılyığan kombayn çıxacaq və biz bunun şahidi olacağıq. Ölkə başçısı Cənab İlham Əliyevin tapşırışına əsasən kənd təsərrüfatı texnikalarının yığımına başladıq və bu gün artıq kombayn yığırıq. Bu gün Azərbaycanda ilk dəfə olaraq elektrobusların yığımını reallaşdırdıq və müasir, ekoloji təmiz, alternativ enerji ilə təmin olunmuş, komfortlu bir elektrobusu istifadəyə veririk. Bu elektrobuslar artıq Minskin küçələrində əhaliyə yüksək səviyyədə xidmət edir. Gələcəkdə elektrobusların 30-40% ehtiyat hissələrinin Gəncədə istehsal olunması nəzərdə tutulur. Ümidvarıq ki, bizim elektrobusların Azərbaycanın küçələrində ekoloji baxımdan təmiz, keyfiyyətli xidmət göstərəcək” deyə Xanlar Fətiyev əlavə edib. 

Sonra çıxış edən Gəncə icra hakimiyyətinin başçısı cənab Niyazı Bayramov qonaqları salamladıqdan sonra Gəncə avtomobil zavodunda gördüklərinin onu sözün yaxşı mənasında təəcübləndirdiyini bildirdi:
“Azərbaycan-Belarus respublikaları arasında çox yaxın dostluq münasibətləri var. İkitərəfli əməkdaşlığın bariz nümunələrindən bir də Gəncə avtomobil zavodudur. Biz zavodda yığılan texnikalarla taniş olduq. Həm traktorların, həm yenicə xəttdən çıxacaq kombaynların və o cümlədən müasir elektrobusların keyfiyyəti çox yüksəkdir. Biz inanırıq ki, elektrobusların yığımı gələcəkdə də davam etdiriləcəkdir. Bu işlərdə kollektivə uğurlar arzu edirəm”

Belarusun baş nazirinin müavini Iqor Vasiliyeviç Lyaşenko Gəncə avtomobil zavodu İB-ni Belarusun maşınqayırma sənayesi ailəsinin bir üzvünı çevrildiyini və uzun müddətdir ikitərəfli sıx əməkdaşlığın olduğunu vurğuladı:

“Biz cənab icra başçısı Niyazı Bayramovla texnikalarla tanış olduq. Burada yığılan həm taxılyığan kombaynların, həm də elektrobusların keyfiyyəti çox yüksəkdir. Mən Bakıda təşkil olunacaq kənd təsərrüfatı sərgisində bu texnikaların yüksək keyfiyyəti barədə Azərbaycanın Prezidenti cənab İlham Əliyevə məlumat verəcəm. “Qomselmaş” ASC-nın baş direktoru Aleksandr Aleksandroviç Novikov da Gəncədə yığılan kombaynları çox yüksək dəyərləndirdi. Ümidvaram ki, ikitərəfli əməkdaşlıq bundan sonra da davam edəcək və genişlənəcək” deyə Belarusun baş nazirinin müavini vurğuladı. 

Çixişlardan sonra  “PALESSE KZS-575” markalı ilk taxılyığan kombayn alqışlar altında konveyerdən çıxıb. Bundan sonra qonaqlar birlikdə yeni yığılan E-321 markalı elektrobusu sınaqdan keçiriblər. Onlara bildirilib ki, yeni elektrobuslar həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondensionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN  doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. 

Qonaqların diqqətinə o da çatdırılıb ki, “PALESSE KZS-575” markalı taxılyığan kombaynın mühərriki 114 / 155 at gücündədir. Texnikanın taxılbiçəni 4-5 metr arasındadır. Taxıl döyümü sistemində üyüdən aparatı tipi barabanlı, barabanın firlanma tezliyi isə 510-875 dövr/dəqiqədir. Kombaynların hərəkət sürəti 20 kilometr saatdır. 

Tədbirdə o da vurğulanıb ki, əgər sifariş olarsa Gəncə avtomobil zavodu İB-i il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir. 

Məlumat üçün bildirilib ki, bu günədək müəssisədə ümumilikdə 10 549 ədəd 11 modeldə traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 9825 -i dövlət sifarişi əsasında "Aqrolizinq" ASC-nə, qalan 724 -ü isə fermerlərə və iş adamlarına satılıb. 2019-cu ilin 4 ayı ərzində Gəncə avtomobil zavodu İB-də ümumilikdə 478 texnika istehsal olunub. Bunlardan 466-i müxtəlif model traktorlar, 1 MAZ markalı qoşqulu avtomobil, bir ədəd Kamaz markalı avtomobil, 2 MAZ markalı avtobus, 5 özüboşaldan traktor qoşqusu yığılib. 2019-cı ilin aprel ayının 31-nə qədər Gəncə avtomobil zavodu İstehsalat Birliyində 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə  təhvil verilib. Bu avtomobillərin yığımının 30-40 % -ni yerli istehsal təşkil edir. Aprelin 31-nə qədər müəssisədə  330 MAZ qoşqusu və 3202 asma avadanlıq istehsal edilib. Bu müddətədək Gəncə avtomobil zavodu İB-də ümumilikdə 208 ədəd KAMAZ markalı yük avtomobili və 411 URAL avtomobili istehsal edilib.
Baxılıb: 240