Gündəm
Söyüş və təhqir "güllələri": Cəmiyyəti mağaraya çevirməyin
A
Söyüş və təhqir
16:01 09.01.2019
Ceyhun MUSAOĞLU

2016-cı ilin aprel döyüşlərində cəmiyyət gül kimi açdı. İnsanlar sanki bir-birinin davamı idi: biri başladığını o biri uğurla yekunlaşdırır, biri dediyini, başqası fərəhlə təsdiqləyirdi. 

Müharibəni azdan-çoxdan görmüş adamam. Aprelin 1-də səhər sağ əlimin baş barmağı avtomobilin qapısında qalmışdı. Bu ağrını bilən-bilir. Gecə Azərbaycanın haqq savaşı başladı. Ağrı mənə təsəlli idi. Ölmürdüm, yaralanmırdım, heç olmasa haramsa ağrısın, cəbhədəki qardaşlarımdan utanmayım. Az idi. Bu ağrı onların ağrılarının yanında çox az idi. Yatmadım, səhərə qədər sosial şəbəkədə döyüşənlərdən biri oldum. Gah ermənilərin səngərinə hücum edir, gah xalqın qələbə ümidinin alovlanması üçün sözlərdən məşəl düzəldir, gah da ara-sıra Müdafiə Nazirliyini operativ xəbər verməməkdə günahlandıranları təmkinli olmağa çağırırdım. Hər kəs əsgərlərlə eyni cərgədə idi. Biz Zəngilanı görür, Cəbrayıla girir, Qubadlıda əsgərlərlə qucaqlaşırdıq. Xalq bütün olmuşdu. Həsrət sevgiyə, sevgi birliyə çevrilmişdi. 

Bu xoşbəxtliyi ikinci dəfəydi yaşayırdıq. Birincisi 1990-cı ildə olmuşdu. Meydan bizi qucaqlamışdı. İndi neyləyək, sevgi tilsiminə yenidən düşək deyə, müharibəmi arzulayaq? Məgər qansız-qadasız, tanksız, avtomatsız sevmək mümkün deyil? Yenə nifrət yuxarı başa çıxıb. Güllələri də söyüş, təhqir, başqasını aşağılamaq. 

Eksperiment keçirək: boş sahəyə toplaşıb, gözlərimizi yumub, ağzımızı açaq. Hamımız qarşılıqlı söyək... İyrəncdir, deyilmi? Facebook həmin iyrənc məkana çevrilib. Son ikrah doğuran hadisə bloqer Mehman Hüseynovun ətrafında yaşanır. Gənc həbsdədir. Deyirlər, ona yenidən cinayət işi açılıb. Buna etiraz olaraq, Mehman aclıq edirdi. Aclıq hadisəsi azadlıqda olanları iki cəbhəyə bölüb. Yanvar müharibəsi başlayıb. Tərəflər eyni xalqın nümayəndələridir. Ortadakı siyasətçilər də sanki marığa yatıblar. Onlardan birini - Əli Kərimlini dinlədim. Bu adamın 30 ildir siyasətçi olduğuna inanmadım. Bir dustağın aclıq aksiyasının ölkədə inqilaba yol aça biləcəyi qədər bəsit fikirlər səsləndirdi. Ola bilsin xarici dairələrdən gələn reaksiyalar da Əli bəyi ruhlandırıb. Olsun. Siyasətçidir, mümkün olanı əldə etmək arzusuna düşə bilər. Mümkün olansa yalnız bəyanat verməkdir. O bəyanat verir, bir qrup hüquq müdafiəçisi həbsxanada Mehmanla görüşür. Dustaq onlarla səmimi söhbət edir, dərdini danışır, şəkil çəkdirir, qarşı tərəfdən dərdinə əlac tapılacağına çalışacaqlarını eşidir. Çalışacaqlar da, tapılacaq da. Mehman azadlığına qovuşacaq da. Hətta müxalifətə "mənim vəziyyətimdən sui-istifadə etməyin", deyə biləcək ehtimalı da çoxdur. 

Təmkin qələbənin özüdür. Söyüş məğlubiyyətin mayasıdır. Biz meşədə yaşamırıq. Hərçənd meşədə yaşayan Tarzan belə, heyvanlarla adam kimi rəftar edirdi. Söyüş təkcə onu ağzından çıxaranı deyil, eşidəni də məhv edir. Cəmiyyəti mağaraya çevirməyin. Xəbəriniz var, övlad valideyini ilə necə danışır? "Sənlik deyil", "əcəb eləmişəm", "get işinlə məşğul ol"... Yaxud sosial şəbəkədəki gənclərin ifadələrinə diqqət kəsilmisiniz? "Davay, getdin bloka", "mənlikdir, brat", "get tullan". Bu ifadələr hələ yumşaq hesab olunur. Vəziyyət o həddə çatıb ki, millət vəkili, 10 milyonun içərisində seçilmiş cəmi 124 nəfərdən biri Araz Əlizadə Qavroşu utandıran fikirlər səsləndirib. Qavroş məntiqli küçə uşağı idi. Viktor Hüqo Qavroşla ağıllı uşaqları Fransanın küçələrə atdığını göstərmək istəyib. Cənab Əlizadə isə küçədə deyil, Milli Məclisdədir. Bəs onda niyə bu qədər qeyri-etikdir? Cavab sadədir: cəmiyyətin səviyyəsi söyüş təfəkkürünə pərçimlənib. Araz Əlizadənin "kim daha qatı söyürsə o qəhrəmandır" düşüncəsinə qapılmasının əsas səbəbi də budur. 

Verilişlərin birində ailədə qadın-kişi münasibətləri müzakirə olunurdu. Qonaqlardan biri -  qibtə etdiyimiz görünüşdə və düşüncədə olan ağsaqqal dedi: "Bizim dövrümüzdə ərlə arvadın arasında hər hansı mübahisə düşəndə nadir hallarda qadın sərt ifadə işlədərdi və ən ağır fikri bu olardı: "Sən elə bir kişisən ki, toyda da oynayarsan". Hətta kişinin toyda əl qaldırması onun sanbalına toxunar. 
Haradan hara yuvarlandıq. Biz elə kişilərin genindənik axı. Deyilik?  


Baxılıb: 734