Hadisə
X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
A
X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
11:18 01.08.2018
İyulun 31-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Sonra çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib: “Beynəlxalq musiqi festivalı ötən 10 il ərzində Qəbələmizin şan-şöhrətini dünyaya yayıb. Biz böyük məmnuniyyətlə bu festivalın ideya rəhbəri, ilk yaranışından bu günə qədər də onun təşkilinə rəvac verən, indicə təbrikini eşitdiyimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, bu uğurlarımızın əsas müəllifi olan Mehriban Əliyevaya ürəkdən təşəkkür edirik. Biz Mehriban xanıma bu gün Azərbaycanımız üçün keçirilən tədbirlərin təşkilində, Azərbaycan insanının maddi, mənəvi rifahının yaxşılaşdırılması, ölkəmizin dünyada tanıdılması istiqamətində gördüyü işlərə görə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan bu gün dünyanın hər yerindən görünən bir dövlətdir. Bu gün dünyanın bu çətin, kəşməkəşli vaxtında, müharibələrin, münaqişələrin, iqtisadi çətinliklərin hökm sürdüyü dünyamızda bir sabit məkan var. Bu, hər yerdən öz işığı ilə görünən doğma Azərbaycanımızdır”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda, dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinin keçirildiyi bir dövrə təsadüf etdiyini bildirərək, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu vurğulayıb. O, Qəbələ Beynəlxalq Musiqi Festivalına uğurlar arzulayıb.

Açılış mərasimindən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.

Baxılıb: 2238