Mövqe
Onda Zara sinəsini açıb, “ox jara”- deyə bağıracaq - Ceyhun Musaoğlu yazır
A
Onda Zara sinəsini açıb, “ox jara”- deyə bağıracaq - Ceyhun Musaoğlu yazır
14:38 28.07.2018
     Ceyhun MUSAOĞLU

Susmaq özü də mövqedir. İstəsən susmaqda danışmaqdan daha böyük mətləb, daha böyük anlam tapa bilərsən. Tarix heç vaxt yenilənmir, təkrarlanır. Onu yeni tanıyanlar deyinirlər, gileylənirlər, ömrünün 45 ilinin 25-ni tarixi tanımağa xərcləyənlərsə əzbərlədikləri bu nəsnənin dünən də eyni ahəng və motivlə şıltaqlıq etdiyini yaxşı bilirlər. 

Biz zatən zarıldayan tərəfik. Uduzanlar göz yaşlarını nə qədər sıxıb saxlasalar da, yağış yağdımı tezcə ürəklərini boşaldarlar. Düşmənli ölkəyik, qoy işğalçı göz yaşımızı yağış suyu bilsin. 
Dik dayan, başını düz saxla, Vətən oğlu. SSRİ Böyük Vətən müharibəsində az qala uduzmuşdu, nəticədə qalib oldu. Hansı nəticədə? Nəticə nə vaxt olur? Ortanın sonunda, sonun ortasında, yoxsa, sonun sonunda? Hanı o qalib SSRİ? Budur o məğlub Almaniya.

Tarixin ironiyası olur. Evinə şəhidin gələndə ölkənə oğlunu şəhid edənlərin təmsilçisi təşrif buyurur. Tərs kimi yaydır, yağmır düşməni aldadaq.
O, zarıldayanlara qonaq gəlib. Bəlkə ona görə adı məhz Zaradır. Mistikaya inanmayana lənət.
Ermənistan “məni öldürmə” deyib türkün ayağına düşən o ermənilərə borcludur, köklərini kəssəydik, indi ölkəmizə gələn qonaq Zara deyildi. Müharibə gecikəndə “sülh” başlayır. 

Odla suyun arasındayıq. Müharibə edirik, səsə ayılar oyanır. Sənə ayı deyirəm, nəriltisi regionu silkələyir, qonşusunda pəncəsiylə yaralamadığı bölgə qalmayıb. Sülh arzulayırıq, arzumuz şirindir. Zəhrasını güllələyənlərin nümayəndəsi Zaraya qucaq açmaq qədər acı tale yaşayır arzusu şirin olan dövlətim və xalqım.  

Adam yolsuzluqda qalanda azır. Yolsuzluq qarşında ən azı iki yol olanda başlayır. 30 ildir Qarabağı alıblar. 30 ildir xalqım şəhid verir. Ölənlər içərisində bəlkə də dünyanın gedişatını müsbətə dəyişəcək kəşfə imza atmaq qabiliyyətinə, savadına, enerjisinə malik gənclər də olub. Bədbəxt erməni, ola bilsin onu xilas edəcək birini öldürüb. Şütdürüm günündədirlər. Yeni hakimiyyət Qarabağı işğal edənləri zindana salır. Bunca yazıq xalq yoxdur. Dəhşətdir, bu yazıq bizi torpaq sarıdan rəzil edib. 

Belə durumda qarşındakı yollardan hansının səni işıqlı dünyaya aparacağını bilmirsən. Aprelin də var, iyulun da. Hansı ayın ətəyi səni xilas edəcək… Bilmirsən. Bilmirsən. Bilmirsən. Zaradan əvvəl də gəlmişdilər, Zaradan sonra da gələcəklər. 
Eyni anda iki məqsədə doğru getmək və uğur qazanmaq kimi bir formula tapılıbmı? Ədəbiyyat da belə deyir: “Orda bir yol var uzaqda, o yol bizim yolumuzdur. Getməsək də, varmasaq da, o yol bizim yolumuzdur. Hansı yol?

Şekspir oluma da cavab tapdı, ölümə də. Ama ulu Nizamisi, dahi Füzulisi, nəhəng Üzeyiri olan xalq uzaqdakı o yolu tapa bilmədi. 
Həqiqətən cəhənnəm istisidir. Ruslar adına “jara” deyir. Sabah cəhənnəm soyuğu olar, ruslar adına “xolod” deyər. Yenə hansısa erməni Zarası “Xolod”a gələr.
 
Bu ssenari bizim dilimizdə deyil, əzizlərim. Dil anlamağın və anlatmağın şərtidir. Hər xalqın öz dili var. Ona görə Qərbin qloballaşma siyasəti iflasa uğradı.

…Səhər açılacaq, Azərbaycan Ordusu Zaranın kökündən olan işğalçıların bir neçəsini cəhənnəmə vasil edəcək. Ürəyinizi buz kimi saxlayın, onda Zara sinəsini açıb, “ox jara”- deyə bağıracaq.   


Baxılıb: 3433
Mövqe bölməsinin digər xəbərləri: